AZ

Rəşad Mahmudov: Əsassız tibbi məlumatların yayılmaması üçün effektiv hüquqi mexanizmlər formalaşdırılsın

Qanunvericilikdə informasiya azadlığı ilə yanaşı, peşəkar fəaliyyətin qorunması, faktların təsdiqi və məsuliyyət balansı da dəqiq şəkildə nəzərə alınmalıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, tənqid mümkündür, müzakirə mümkündür, amma ittiham yalnız sübuta əsaslanmalıdır:

"Son dövrlər internet resurslarında və sosial şəbəkələrdə əsassız, təsdiqini tapmayan məlumatların konkret tibb müəssisələrinin və həkimlərin adları çəkilməklə yayılması ciddi problemlər yaradır. Bu cür paylaşımlar nə hüquqi araşdırmaya, nə də tibbi ekspertizaya əsaslanır, lakin cəmiyyətə fakt kimi təqdim olunur. Nəticə etibarilə həkimlər peşəkar reputasiya riski ilə üz-üzə qalır, hüquqi təzyiq qorxusu formalaşır və ən təhlükəlisi ağır, riskli və yüksək məsuliyyət tələb edən xəstəliklərdən, tibbi müdaxilələrdən yayınma meyli yaranır. Bu isə artıq təkcə həkimin deyil, birbaşa pasiyentin və bütövlükdə səhiyyə sisteminin ziyanına işləyir.

Unutmamalıyıq ki, tibb sahəsi emosional manipulyasiyalara və ictimai linç mexanizmlərinə ən həssas sahələrdən biridir. Burada səhv və ya təhrif olunmuş informasiya sadəcə imic məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir".

R.Mahmudovun fikrincə, informasiya yayımı zamanı peşəkar fəaliyyət qorunmasa, cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkilən mövqeyə sürükləmiş olarıq. Bu isə heç kimin marağında deyil:

"Təklif edirəm ki, bu qanunun ikinci oxunuşunda bu aspekt ayrıca nəzərə alınsın və tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlər formalaşdırılsın".

Seçilən
22
10
far.az

10Mənbələr