AZ

Deputat: “Sosial şəbəkələrdə həkimlərin əsassız tənqidi qadağan olunsun”

“Müzakirə etdiyimiz qanun layihəsi informasiya təhlükəsizliyi və ictimai maraqlar baxımından mühüm əhəmiyyət daşıyır. 

Dövlət rəhbəri fərdi statusdan daha çox institusional simvoldur. Ona qarşı qeyri-etik söz və davranışlar konkret bir şəxsə deyil, dövlət institutlarına, milli rəmzlərə və dövlətin təmsil etdiyi dəyərlərə yönəlmiş münasibət anlamı daşıyır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Rəşad Mahmudov deyib.

Deputat ikinci oxunuşun tələbinə uyğun olaraq bir məqama xüsusi diqqət çəkib:

“Son dövrlər internet resurslarında və sosial şəbəkələrdə əsassız, təsdiqini tapmayan məlumatların konkret tibb müəssisələrinin və həkimlərin adları çəkilməklə yayılması ciddi problemlər yaradır. Bu cür paylaşımlar nə hüquqi araşdırmaya, nə də tibbi ekspertizaya əsaslanır, lakin cəmiyyətə fakt kimi təqdim olunur.

Nəticə etibarilə həkimlər peşəkar reputasiya riski ilə üz-üzə qalır, hüquqi təzyiq qorxusu formalaşır və ən təhlükəlisi  ağır, riskli və yüksək məsuliyyət tələb edən xəstəliklərdən və tibbi müdaxilələrdən yayınma meyli yaranır. Bu isə artıq təkcə həkimin deyil, birbaşa pasiyentin və bütövlükdə səhiyyə sisteminin ziyanına işləyir.

Unutmamalıyıq ki, tibb sahəsi emosional manipulyasiyalara və ictimai linç mexanizmlərinə ən həssas sahələrdən biridir. Burada səhv və ya təhrif olunmuş informasiya sadəcə imic məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir”.

R.Mahmudov hesab edir ki, qanunvericilikdə informasiya azadlığı ilə yanaşı, peşəkar fəaliyyətin qorunması, faktların təsdiqi və məsuliyyət balansı da dəqiq şəkildə nəzərə alınmalıdır.:

“Tənqid mümkündür, müzakirə mümkündür, amma ittiham yalnız sübuta əsaslanmalıdır. Əks halda biz cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkilən mövqeyə sürükləmiş olarıq. Bu isə heç kimin marağında deyil.

Təklif edirəm ki, ikinci oxunuşda bu aspekt ayrıca nəzərə alınsın və tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlər formalaşdırılsın”.

Seçilən
33
10
cebheinfo.az

10Mənbələr