AZ

2025-ci ilin ən etibarlı bankları hansıdır - SORĞU

2025-ci ilin sonuna artıq sayılı günlər qalıb. Builki bank seçimləri və vətəndaşların hansı banklara üstünlük verməsi diqqət çəkən məqamlardan biridir.

Modern.az bununla bağlı müxtəlif sahələrdə çalışan şəxslər arasında sorğu keçirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov saytımıza açıqlamasında ABB-dən istifadə etdiyini bildirib:

“Ümumiyyətlə, ölkədə pul-kredit siyasətini Mərkəzi Bank müəyyənləşdirir. Bu baxımdan 2025-ci ildə manatın məzənnəsinin xarici valyutalar qarşısında möhkəmlənməsini həmin siyasətin uğuru hesab edirəm. Bu il üstünlüyə görə fərqləndirdiyim xüsusi bir bank olmayıb. Mənim istifadə etdiyim bank əməkhaqqı aldığımız bankdır. Həmin bankda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu düşünürəm. Amma hesab edirəm ki, müştərilərin maliyyəsinin təhlükəsizliyinin qorunması bütün bankların prioriteti olduğundan, digər banklarda da eyni tədbirlər görülür”.

Komitənin digər üzvü Vüqar Bayramov da ABB-nin xidmətlərindən istifadə etdiyini deyib:

“İnkişaf etmiş ölkələrdə hər hansı bir bank digər bankların da fəaliyyətini dəstəkləməkdə maraqlıdır. Çünki bir bankın müflis olması digərlərinə olan inamın itirilməsinə səbəb olur. 2025-ci ildə bank sektoru ümumilikdə dayanıqlığını qoruyub. Burada əsas məqsəd bank sektorunda təmərküzləşmənin azaldılması və sistem əhəmiyyətli bankların sayının artırılması idi. Mənim də mütəmadi istifadə etdiyim banklar var, o cümlədən əməkhaqqımı aldığım Azərbaycan Beynəlxalq Bankı. Bu bankın xidmətlərindən narazılığım olmayıb. Bankların adının çəkilib fərqləndirilməsinin tərəfdarı deyiləm. Çünki ümumilikdə bank sektorunun güclü olması vacibdir. 2026-cı ildə bank sektorunun daha güclü olacağını düşünürəm”.

İqtisadçı ekspert Əkrəm Həsənov bu il “Turan Bank”ın fəaliyyətini mənfi qiymətləndirib:

“Vətəndaşlardan birinin banka qoyduğu əmanətin üstündən 5 il keçmişdi. O, banka müraciət etdikdə bildirdilər ki, sənədlər atılıb. Halbuki Mərkəzi Bank belə bir qayda qoymayıb, yalnız əmanətlərin ən azı 5 il saxlanılmalı olduğunu bildirib. ‘Əmanətimizi verin’ deyirik, cavab verirlər ki, ‘vəsaiti çıxarmısınız, sənədlər qalmayıb’. Məsələ hazırda məhkəmədədir və qanuni qərar veriləcək. Əks halda belə çıxır ki, banklarda 5 ildən çox əmanət saxlamaq olmaz”.

Ekspert hazırda “Bank Respublika”nın xidmətlərindən istifadə etdiyini də əlavə edib:

“Bank Respublika ölkənin ən böyük banklarından biridir. Böyük bankların müflisləşmə ehtimalı yoxdur. Üstünlüyü ondadır ki, dövlət və ya dövlətə yaxın bank deyil. Dövlət banklarında xidmət səviyyəsi aşağı olur, çünki özlərindən razıdırlar və müştəri bazaları genişdir. Hətta formal olaraq özəl olan dövlətə yaxın banklar da eyni vəziyyətdədir. Bank Respublika isə həqiqi özəl banklar arasında ən böyük qurumdur”.

Digər iqtisadçı ekspert Xalid Kərimli bildirib:

“Bütün banklar kifayət qədər requlyativ tələblərə cavab verirlər və hazırda sektorda narahatedici bank yoxdur. Etibarlı banklar sistem əhəmiyyətlidir və dövlət onların çökməsinə imkan verməz. Çünki belə olarsa, bütövlükdə sistem çökmüş olar. ‘Böyük dördlük’ adlandırılan bankların böyük kredit portfeli var. Əmanətlərin Sığortalanması Fondu yüz min manatadək əmanətləri sığortalayır. Bu, cari hesablar və kart qalıqlarına da aiddir. Ona görə də bankın etibarlığı ilə bağlı narahatlıq yoxdur və hər bankda yüz min manatadək vəsait saxlamaq mümkündür.

Servis baxımından rəqəmsallaşmış, geniş müştəri bazasına malik banklarla işləmək daha rahatdır. Bank sektoru inkişaf etsə də, rəqabət arzuolunan səviyyədə deyil. Banklar hələ də yaxşı məhsulları mərhələli şəkildə təqdim edirlər. Bəziləri investisiya bazarlarına, bəziləri kriptovalyuta alımına imkan yaradır. 21 bank olsa da, imkanlar eyni deyil.

2025-ci ilin sonuna banklarda ciddi problem yoxdur. Əmanət qoymaq, hesab açmaq istəyənlər yüz min manatadək vəsaiti rahatlıqla yerləşdirə bilərlər. Biznes sahəsində isə sahibkarlar sistem əhəmiyyətli banklarla işləməlidirlər”.

Politoloq Natiq Miri:

“Azərbaycan Beynəlxalq Bankı ilin bankı seçildi. Bu, təqdirəlayiqdir. Bir zamanlar ABB-də baş verən xoşagəlməz hadisələr bankın imicinə ciddi təsir etmişdi. Lakin son illər rəhbərlikdə aparılan dəyişikliklər nəticə verib. Bu gün bank etimad, xidmət keyfiyyəti və rəqəmsallaşma sahəsində öndə gedən qurumlardandır.

Digər tərəfdən, ən aktiv banklardan biri, yeni kampaniyalara görə Kapital Bankdır. Əhalinin böyük əksəriyyəti Kapital Bankla əməkdaşlıq edir – pensiya, əməkhaqqı kartları və depozitlər baxımından. Bu amillər bankın nüfuzunu artırıb.

Birbank isə insanlara birbaşa nəğd vəsait əldə etmək imkanı yaradır. Bu, rəqəmsallaşma və nağdsız ödəniş prosesində müəyyən narahatlıqlar yaratsa da, ümumilikdə bank sektorunda Kapital Bank və ABB-ni önə çəkərdim”.

Yazıçı-jurnalist Mirmehdi Ağaoğlu:

“Mənim üçün bütün banklar eynidir, çünki heç biri mənə kredit verməyib. Səbəblərini demək istəmirəm. Dünyada banklar mədəniyyətə daim diqqət göstərirlər. Məsələn, Türkiyədə YapıKredi və İş Bankası nəşriyyatları var. Bu nəşriyyatlar bankdan ayrı qurum kimi fəaliyyət göstərir və çox tanınırlar. Azərbaycanda bu ənənə geniş yayılmayıb. Xalqbankın ‘Xalq Əmanəti’ layihəsi 20 ilə yaxındır maraqlı işlər görür. AccessBank da bu il mədəniyyətə dəstək göstərməyə çalışır. Mən mədəniyyətə dəstək verən bankları seçirəm, amma şəxsi olaraq heç bir bankı seçmirəm, çünki heç biri kredit verməyib”.

“Brend müəllim” mükafatının qalibi Əlihüseyn Yaqubov:

“Bu il Kapital Bank və Unibankdan istifadə etmişəm. Ciddi problem yaşamamışam. Əsas problem kredit faizlərinin yüksək olmasıdır. Birbank xidməti çox yaxşıdır – kredit müraciətləri, köçürmələr və digər əməliyyatları özümüz edə bildiyimiz üçün daha rahatdır. Amma əsas problem faizlərlə bağlıdır”.

Psixoloq Elmir Əkbər:

“Bank xidmətləri daha rahat və əlçatan olmalıdır. Bəzi banklar elə xidmətlər təklif edir ki, yalnız imkanlılar istifadə edə bilir. Banklarda əməkdaş çatışmazlığı da vətəndaşın vaxt itkisinə səbəb olur. Mən təhsilimi və peşəmi inkişaf etdirmək üçün kredit müraciətlərimdə Bank of Baku-nun müəyyən xidmətlərindən yararlana bilmişəm. ABB də kreditlərin köçürülməsi ilə bağlı kampaniya təklif etmişdi, amma filialda sual verdikdə dəqiq cavab ala bilmədim. Ona görə də yenə Bank of Baku-da qaldım.

Gələn il peşəkar inkişaf üçün yenidən müəyyən xidmətlərə müraciət edəcəyəm. Hazırda Xalqbankla maraqlanıram. Yəqin ki, 2026-cı ildə Bank of Baku ilə Xalqbank arasında seçim edəcəyəm. Digər banklara getməyi düşünmürəm. Çox vaxt reklamda deyilənlərlə real xidmətlər üst-üstə düşmür.

Seçilən
20
22
modern.az

10Mənbələr