Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilə bilər. İxrac və idxal mallarının siyahısına baxmaq və çeşidləri müəyyən etmək lazımdır. Bu istiqamətdə işlər davam edir.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Bakıda keçirilən “Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, əgər hazırda saziş 30 malın preferensial ticarət rejimi ilə idxal-ixracını nəzərdə tutursa, bu siyahının 50 mala qədər genişləndirilməsi nəzərdə tutulur.
“Hazırda siyahıda əsasən Azərbaycanın kənd təsərrüfatı məhsulları, Türkiyənin isə sənaye məhsulları var. Azərbaycan və Türkiyə arasında ortaq platformanın qurulması planlaşdırılır. Dekabrın 1-də iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyimiz görüşdə texniki işçi qrupu yaradılması ilə bağlı təklifi oldu. Bu cür platformalar bizə qarşılıqlı investisiyaları artırmağa kömək edəcək”, - deyə səfirliyin ticarət müşaviri vurğulayıb.
Xatırladaq ki, 2020-cu ildə təsdiq olunan sazişə görə, gömrük rüsumundan azadolmalar hər mal qrupuna görə seçilir və 33-100 faiz civarındadır. Saziş çərçivəsində mallara verilən güzəştlər qüvvəyə mindiyi tarixdən sonrakı 10 il müddətinə nəzərdə tutulur. İlk öncə 15 məhsul Azərbaycan tərəfindən, 15 məhsul isə Türkiyə tərəfindən təsdiq edilib. Sonrakı mərhələdə güzəştli ticarət tətbiq olunan malların sayı hər ölkə tərəfindən 30-a çatdırılıb.