AZ

2025-ci ilin ictimai mənzərəsi: Deputatlar QHT-lərin rolunu necə dəyərləndirir?

2025-ci il Azərbaycan vətəndaş cəmiyyəti üçün həm institusional inkişaf, həm də ictimai təsirin artdığı bir mərhələ kimi yadda qaldı. İl ərzində qeyri-hökumət təşkilatları sosial müdafiə, inklüzivlik, ictimai nəzarət, maarifləndirmə, regional inkişaf və beynəlxalq təşəbbüslər istiqamətində müxtəlif layihələrlə çıxış edərək ictimai həyatda fəallıqlarını nümayiş etdirdilər.

Bu proseslər fonunda QHT-lərin fəaliyyətinin necə qiymətləndirilməsi, hansı təşəbbüslərlə yadda qalmaları və ölkənin ictimai həyatında oynadıqları rol xüsusi maraq doğurur. QHT.az bu məqsədlə deputatlara müraciət edərək “2025-ci ildə QHT-lərin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına cavablar alıb.

Komitə sədri: “QHT-lər artıq ictimai proseslərin fəal iştirakçısına çevrilib”

2025-ci il qeyri-hökumət təşkilatlarının fəaliyyətində keyfiyyət mərhələsinə keçidin daha aydın hiss olunduğu bir il kimi yadda qaldı. Bu il QHT-lər layihə icraçısı və ya sosial təşəbbüs sahibi kimi özlərini ifadə etməklə yanaşı, həm də ictimai proseslərin fəal iştirakçısı, cəmiyyətin müxtəlif təbəqələri arasında körpü rolunu oynayan institutlar kimi çıxış etdi.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa QHT.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, ilin gedişində sosial müdafiə, şəhid ailələri və qazilərlə iş, gənclərin maarifləndirilməsi, təhsil, ekoloji şüurun formalaşdırılması, mədəni irsin qorunması və ictimai sağlamlıq sahələrində gerçəkləşdirilən layihələr QHT sektorunun cəmiyyətin real ehtiyaclarına cavab vermək bacarığını nümayiş etdirdi. Özəlliklə bölgələrdə həyata keçirilən təşəbbüslər və yerli icmalarla qurulan birbaşa təmas QHT-lərin ölkə miqyasında fəaliyyət göstərən strukturlar kimi formalaşdığını göstərdi:

"2025-ci ildə QHT-lərin rolunu dəyərləndirərkən, onların ictimai dialoqun formalaşmasında tutduğu mövqeyi özəlliklə vurğulamaq lazımdır. Dövlət qurumları ilə işbirliyi, açıq müzakirələrdə ekspertlik, vətəndaş mövqeyi, qanunvericilik təşəbbüslərinə ictimai rəyin ötürülməsi kimi istiqamətlərdə QHT-lərin fəallığı artdı. Bu da göstərir ki, vətəndaş cəmiyyəti institutları həm də təklif verən, mövqe bildirən və məsuliyyət daşıyan tərəf kimi çıxış edir. Eyni zamanda, informasiya mühitində baş verən sürətli dəyişikliklər fonunda QHT-lərin maarifçi missiyası daha da aktuallaşdı. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının təşviqi, milli-mənəvi dəyərlərin və multikultural mühitin qorunması yönündə aparılan fəaliyyətlər QHT sektorunun ictimai sabitliyə və sağlam informasiya mühitinə verdiyi töhfəni aydın şəkildə ortaya qoydu".

Fazil Mustafa bildirib ki, 2025-ci il, həmçinin QHT-lər üçün daxili institusional möhkəmlənmə baxımından önəmli il oldu. Şəffaflıq, hesabatlılıq, layihə idarəçiliyi və peşəkar kadr potensialının gücləndirilməsi yönündə atılan addımlar sektorun uzunmüddətli dayanıqlığını təmin edən vacib amillərdir. Bu proses QHT-lərin dövlət və cəmiyyət qarşısında güvənini daha da artırdı:

"Ümumilikdə demək olar ki, 2025-ci ildə QHT-lər ölkənin ictimai həyatında yardımçı rol çərçivəsini aşaraq, vətəndaş məsuliyyəti, sosial həmrəylik və ictimai güvənin formalaşmasında önəmli aktor kimi çıxış etdi. Bu inkişaf tendensiyasının davam etməsi üçün QHT-lərin təşəbbüskarlığının dəstəklənməsi, dövlət–QHT əməkdaşlığının institusional əsaslarda gücləndirilməsi və ictimai fəallığın stimullaşdırılması önəm daşımaqdadır".

Deputat: “QHT-lərə dövlət dəstəyi sosial inteqrasiyanı gücləndirir"

2025-ci il həyatımızda yadda qalan illərdən biri olub, ölkəmiz üçün bu il “Konstitusiya və suverenlik ili” kimi yadda qalıb.

Bu barədə Milli Məclisin üzvü İlham Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, möhtərəm cənab Prezidentimizin siyasətinin, qəhrəmanlığının və ordumuzun düşmənin başını əzərək torpaqlarımızı işğaldan azad etməsinin nəticəsidir. ""Konstitusiya və suverenlik ili” yüksək səviyyədə qeyd olundu və ictimai, siyasi, mədəni həyatın bütün sahələri səfərbər oldu”, – deyə deputat bildirib.

İlham Məmmədov xüsusilə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini yüksək qiymətləndirib. “Yeni siyasi konfiqurasiyaya və regionda yaranmış real vəziyyətə uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vacib fəaliyyətlər həyata keçirir. Mən müşahidə edirəm bu gün Azərbaycan QHT-lərin səsi Avropadan, Amerikadan gəlir. Həmin regionlarda Azərbaycanın maraqlarını müdafiə edən müxtəlif layihələrin təqdimatını görürük, həmçinin bizim vətəndaş cəmiyyəti nümayəndələrinin beynəlxalq tribunalarda çıxışını görürük. Bu çox yaxşı haldır. Eyni zamanda həm Türk Dövlətləri QHT Platforması, həm də Qlobal Cənub Platforması kimi vacib platformaların Azərbaycanın təşəbbüsü ilə yaradılması gücümüzə güc qatır. 
Eyni zamanda ölkə daxilində də QHT-lər maraqlı tədbirlər keçirildi. Mən şəxsən bir çoxunda iştirak etmişəm, amma xüsusilə mənə təsir edən tədbir Masallı şəhərində Regional İqtisadi və Hüquqi Maarifləndirmə İctimai Birliyinin “Zülməti dələn işıq” sosial layihəsi oldu. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə həyata keçirilib”, – deyə o vurğulayıb.

Deputat layihə çərçivəsində “Soyuq Günəş” filminin görmə imkanı məhdud olan insanlar üçün səsli bətimləmə formasında təqdim olunduğunu qeyd edib:

“Görmə qabiliyyəti məhdud olan insanlar filmdə baş verənləri elə görürdülər ki, sanki onu canlı izləyirmiş kimi təcrübə edirdilər. Bu, yalnız sosial layihə deyil, insanların ürəkdən duyaraq görmə imkanına malik olmaları üçün mühüm vasitə idi. Film aktyorlarının peşəkar ifası, səs və işıq effektləri iştirakçılara yeni təcrübə qazandırıb və layihədə iştirak edənlərin yüksək duyğusal vəziyyətdə olduqlarını müşahidə edib".

Deputat hər kəsi filmin səsli bətimləmə versiyasına baxmağa dəvət edib və layihəni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Regional İqtisadi və Hüquqi Maarifləndirmə İctimai Birliyinin birgə nailiyyəti kimi qiymətləndirib:

"Eyni zamanda, bu layihə şəhid ailələri, qazilər və sosial cəhətdən ağır vəziyyətdə olan insanların cəmiyyətə inteqrasiyası üçün aparılan işlərin nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi layihələr də insanların cəmiyyətə tam hüquqlu üzv kimi daxil olmasına xidmət edir. Bu layihələr yeni baxış və yanaşma ilə aparılır və hər biri öz sahəsində müqəddəs missiya daşıyır. QHT-lərə dövlət dəstəyi sosial inteqrasiyanı gücləndirir. Mən bu layihələri yüksək qiymətləndirirəm və qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini alqışlayıram."

 

Pərvanə Vəliyeva: "Azərbaycan QHT-ləri artıq yeni müstəvidə fəaliyyət göstərir"

Azərbaycan QHT-ləri artıq yeni müstəvidə fəaliyyət göstərir, bunun üçün olduqca sağlam iqlim və böyük fürsətlər, yeni, əlçatan imkanlar yaradılıb. Dövlətin diqqəti və dəstəyi hər zaman hiss edilir. QHT-lər arasında müvafiq ixtisaslaşma aydın hiss olunur. Xüsusilə, QHT-lərimizin son illərdə artan beynəlxalq fəaliyyətləri təqdirəlayiqdir.

Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, QHT sektoru xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə dəstək olur. Onlar minalar əleyhinə fəaliyyət, əsir və itkin düşmüşlərlə bağlı advokasiya, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi ölkənin milli maraqlarının müdafiəsini həyata keçirməklə yanaşı, qlobal dünyanı narahat edən iqlim dəyişmələri və ətraf mühitin qorunması kimi, o cümlədən yeni müstəmləkəçiliklə mübarizədə fəal “carçı” kimi çıxış edirlər:

"Təsadüfi deyil ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri içərisində BMT yanında Məşvərətçi orqan statusu əldə edən QHT-lərin sayına görə Azərbaycan regionda liderdir. Şərqi Avropa regionunda da Azərbaycan bu statusu alan QHT-lərin sayına görə ön sıradadır. Belə ki, ölkəmizdə 17, Gürcüstan və Ermənistandan müvafiq olaraq 11 QHT “ECOSOC” statusu əldə edib. Nəzərə alsaq ki, 2023-cü ildən bəri Azərbaycandan müraciət etmiş bir neçə QHT hələ də qiymətləndirmə mərhələsindədir, növbəti il bu rəqəm 20-yə yüksələ bilər.

BMT proseslərində fəal iştirak həm ölkəmiz adına müsbət bir haldır, həm də alternativ səs mənbəyi kimi çıxış edən QHT-lərin qlobal qərarların qəbuluna təsir imkanları bununla artmış olur. Ölkəmizdən 5 QHT BMT-in Ətraf Mühit proqramı (UNEP) yanında məşvərətçi orqan statusu almış, daha 5 QHT də BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına müşahidəçi statusundadır. Müşahidəçilər birbaşa sənədlərə rəy vermək hüququ əldə etməklə yanaşı, dövlət rəsmilərinin iştirakı ilə keçirilən qapalı iclaslara da daxil olub, suallar ünvanlaya bilirlər. Beləliklə, qərar qəbulu prosesi inkluziv keçirilir".

Deputat vurğulayıb ki, il ərzində ən uğurlu beynəlxalq fəaliyyətləri icra edən Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik meylləri ilə mübarizəyə yeni bir nəfəs gətirdi, suverenlik üçün mübarizə aparan xalqlara yeni və güclü platforma verdi:

"Bakı qlobal dekolonizasiya mərkəzinə çevrildi. Bu təşkilatın adının BMT Baş Katibi tərəfindən çəkilməsi, BMT-in qlobal hesabatlarında fəaliyyətlərinin əks olunması ölkəmiz adına qürurdur. Təşkilatın bu sahədə apardığı araşdırmaların dünya elminə verdiyi töhfələr onu qlobal beyin mərkəzi kimi də tanıtdı.

Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. QHT-lərimiz bu il həm Almaniyanın Bonn şəhərində keçirilmiş iqlim tədbirləri, həm də COP30 çərçivəsində bir sıra təşəbbüslərlə çıxış ediblər".

Deputat Qlobal Cənub QHT Platformasının təsis olunması barədə çağırışına 120 ölkənin yer aldığı Qoşulmama Hərəkatının regionunun 116 ölkəsinin dəstək veridiyini qeyd edib və əlavə edib ki, bu ölkələrin hər birindən aparıcı QHT-lərin iştirakı ilə 2025-ci il aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu:

"Bu, Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən ilk şəbəkədir. Gələcəkdə hansı ölkənin təmsilçisinin Platformaya rəhbərlik etməsindən asılı olmayaraq, onun mərkəzi qərargahı Bakıda yerləşəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bu Platformanın fəaliyyətinə yüksək qiymət verməsi onun həm ölkəmizdə keçirilən AQEM-in illik konfransı iştirakçılarına müraciətində də öz əksini tapmışdı.

 Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu ilə bağlı “WUF13 QHT Koalisiyası” təsis edib. Xarici QHT-lərdən burada təmsil olunmaq üçün çoxsaylı müraciətlər qəbul olunub. Növbəti il QHT-lər bu yöndə də layihələr icra edəcək.

Xarici siyasətimizin prioritet sahələrindən biri də Türk dövlətləri Təşkilatının gücləndirilməsi, qlobal miqyasda vahid güc mərkəzlərindən birinə çevrilməsidir. Hazırda ölkəmizin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı bir çox sahələri əhatə edir. İndi isə vətəndaş cəmiyyəti seqmenti də bu sahədə əməkdaşlığı gücləndirir".

Deputat əlavə edib ki, Qərbi Azərbaycan, qaçqınların qayıdış hüququ kimi mövzular üzrə bu il 51 QHT layihə icra edib, bu sahədə QHT-lər tərəfindən aparılan araşdırmalar, çəkilən filmlər, hazırlanan reportajlar, materiallar, müxtəlif xarici ölkələrdə təşkil olunan tədbirlər mövzunun həm daxili auditoriyada geniş təbliğinə, həm də beynəlxalq ictimaiyyətin məlumatlılığın artırılmasına töhfələr verib:

"Qərbi Azərbaycan İcması da, bir QHT olaraq, beynəlxalq layihələrlə bu sahədə təbliğatı uğurla davam etdirir. Bu il qanunvericiliyin, o cümlədən, “Qeyri-hökumət təşkilatları haqqında” qanunun da təkmilləşdirilməsi həyata keçirilib. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı yalnız təşkilatların say artımı ilə deyil, həm də qanunvericilik müstəvisində şəffaflıq, məsuliyyət və davamlılıq prinsiplərinin gücləndirilməsi ilə müşayiət olunur. Bu, həm də QHT-lərin etibarlı tərəfdaş kimi fəaliyyət göstərməsi baxımından vacib addımdır.

Milli Məclisin Səhiyyə Komitəsində təmsil olunduğum üçün ölkəmizdə fəaliyyət göstərən səhiyyə QHT-ləri ilə mütəmadi görüşlərimiz olur və sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, səhiyyə QHT-ləri ilə Milli Məclisin üzvləri arasında səmərəli dialoq mövcuddur, onlardan gələn təklif və tövsiyyələr Milli Məclis üzvləri tərəfindən daim qaldırılır və həlli istiqamətində işlər görülür".

Pərvanə Vəliyeva ölkədə fəaliyyət göstərən bütün QHT nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə təbrik edib və gələcəkdə onların daha yaradıcı layihələrlə ictimai-siyasi proseslərdə aktiv rol oynayacağına ümid etdiyini bildirib.

Deputat: “Azərbaycan QHT-ləri artıq lokal çərçivədən kənara çıxıb”

Artıq başa çatmaqda olan 2025-ci il ölkəmiz üçün daha bir uğurlu il kimi yadda qalacaq. Bu gün Azərbaycan dünyada böyük nüfuz sahibi olan, qlobal proseslərə təsir imkanları artan, regionda yeni reallıqlar yaradan dövlətə çevrilib. Regionda sülh strategiyasının müəllifi olan ölkəmiz qlobal miqyasda fəal diplomatiya həyata keçirərək Xəzər-Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizliyin təminatçısına çevrilib. Dövlətimiz işğaldan azad olunmuş ərazilərdə dünyaya nümunə olan genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə QHT.az-a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, digər sahələr kimi qeyri-hökumət təşkilatları (QHT) sektoru, vətəndaş cəmiyyəti institutları da ili uğurla başa vururlar. 2025-ci il vətəndaş cəmiyyəti sektoru üçün zəngin il oldu. Bu il Bakıda Qlobal Cənub QHT Platformasının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələ oldu.  Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüsün 116 ölkədən QHT tərəfindən dəstək qazanması ciddi uğurdur. Təkcə bu fakt ölkəmizin nə qədər güclü və nüfuzlu olmasının, vətəndaş cəmiyyəti sektorunun fəallığının təsdiqidir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsini də xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində qeyd etmişdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər:

"İl ərzində istər yerli, istərsə də beynəlxalq miqyasda keçirilən tədbirlər ölkəmizin QHT sektorunun fəaliyyətinin artıq lokal çərçivədən kənara çıxdığının göstəricisidir. Bu uğurda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni dövrə uyğun fəaliyyətinin də mühüm rolu var.

QHT-lər 2025-ci ildə ölkənin ictimai həyatında kifayət qədər fəal rol oynadılar. Müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələr QHT sektorunun böyük potensiala sahib olduğunu, cəmiyyətin inkişafına, ölkə həqiqətlərinin beynəlxalq miqyasda təbliğinə böyük töhfə verdiyini  ortaya qoydu. Vətəndaş cəmiyyəti institutu olaraq QHT sektoru bu gün cəmiyyət həyatının ən fəal üzvlərindən birinə çevrilməyi bacarıb".

Seçilən
25
4
qht.az

5Mənbələr