AZ

Qanun manipulyasiyası - Süni ajiotaj kimə və nəyə xidmət edir? » AzadMedia.az


Son günlər sosial şəbəkələrdə və bəzi xəbər platformalarında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun ətrafında məqsədli şəkildə süni ajiotaj yaradıldığının şahidi oluruq. Özünü “ekspert” kimi təqdim edən bəzi şəxslər məsələni ya bilmədən, ya da bilərəkdən təhrif edir, digərləri isə bu manipulyasiyaları kopyalayaraq gündəm yaratmağa çalışır.
Məsələ ilə bağlı qanunvericiliyi diqqətlə araşdırdıqda və bu sahəni bilən səlahiyyətli şəxslərlə dəqiqləşdirmə apardıqda bir həqiqət aydın görünür: təqdim edildiyi kimi heç bir yeni səlahiyyət və ya mahiyyət dəyişikliyi yoxdur. Daxili Qoşunların komandanının təyin və azad edilməsi əvvəllər də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətində olub, bu gün də eyni qaydada qalır.
Sadəcə olaraq, əvvəl qüvvədə olan “Daxili qoşunların statusu haqqında” Qanun ləğv edildiyi üçün həmin norma yeni qanuna və müvafiq fərmana texniki baxımdan daxil edilib. Bu, nə sensasiyadır, nə də əlavə səlahiyyət verilməsi kimi təqdim oluna bilər. Hüquqi yanaşma dəyişməyib, yalnız qanunvericilik bazası yenilənib.
Ədalət naminə qeyd etmək lazımdır ki, Daxili Qoşunların fəaliyyəti illərdir dövlət təhlükəsizliyinin təminində, ictimai asayişin qorunmasında, Vətən müharibəsi dövründə, eləcə də pandemiya və ekoloji aksiyalar zamanı göstərilən nümunəvi xidmətlərlə özünü təsdiqləyib. Ayrı-ayrı hallarda narazılıqlar ola bilər, lakin bu, bütövlükdə quruma deyil, konkret fərdlərə aid edilir və bu cür hallar istənilən sahədə mümkündür.
Sabitliyin əsas qarantlarından olan dövlət qurumlarının fəaliyyətini və onların hüquqi əsaslarını təhrif etmək ya cahilliyin, ya da qəsdən aparılan informasiya təxribatının nəticəsidir. Aydın görünür ki, bu cür manipulyasiyalar ictimaiyyəti çaşdırmaq, dövlət institutlarına qarşı inamsızlıq yaratmaq məqsədi güdür və bu, kənar təsirlərlə idarə olunan informasiya xəttinin tərkib hissəsidir.
Öyrənmək heç vaxt gec deyil. Məsələyə maraq göstərən hər kəs asanlıqla görə bilər ki, sözügedən səlahiyyət əvvəldən mövcud olub, yanaşma dəyişməyib, sadəcə hüquqi texnika yenilənib. Bu səbəbdən də emosiyaya deyil, fakta və qanuna istinad etmək ən doğru mövqedir.
Kiminsə şəxsi narazılığı, subyektiv münasibəti ola bilər. Ancaq bu, dövlət qurumlarına və dövlət qanunlarına qarşı əsassız hücumlara haqq qazandıra bilməz. Bu dövlət hamımızındır və onun mənafeyini qorumaq hər birimizin vətəndaşlıq məsuliyyətidir.
Manipulyasiyaya yox, fakta və qanuna baxaq.
Elnurə Abuşova
AUSD İB-nin rəhbəri
Seçilən
27
1
azadmedia.az

2Mənbələr