AZ

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Dekabrın 26-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri Azərbaycan sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasının ildönümünün dünən tamam olduğunu xatırladıb. Bildirib ki, 25 dekabr tarixi xalqımızın yaddaşında milli hüzn günü kimi qalacaq. Bu faciə insan həyatının ali dəyər olduğunu və mülki aviasiyanın təhlükəsizliyi üçün dövlətlərin və beynəlxalq qurumların daşıdığı böyük məsuliyyəti bir daha xatırladır.

Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova bu gün 9 məsələnin müzakirə ediləcəyini bildirib.

Gündəliyin birinci məsələsi olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir. Qeyd olunub ki, elmi araşdırmalar nəticəsində asbest və tərkibində asbest olan məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübut edilib və onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen məhsullar kimi təsnifatlandırılıb.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Bizim.Media

Seçilən
73
2
bizim.media

10Mənbələr