AZ

"Orta dəhlizin, Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək"

Bu gün Azərbaycan dünyanın vacib logistika mərkəzinə çevrilib. Orta dəhliz və "Şimal-Cənub" marşrutunda qovşaq ölkə olan Azərbaycan Avropa ilə Asiya arasında ticarət yolunun keçdiyi coğrafiyadır. Bu səbəbdən də ölkəmizin dünya ticarətindəki rolu diqqətlə öyrənilir, dəyərləndirilir. 

Logistika sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar son dövrlər Azərbaycanda bu sahədə görülən işləri və yüklərin daşınmasında olan fəal dinamikanı yüksək qiymətləndirirlər. Məsələn, Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) statistik bülletenində 22 ölkə arasında konteyner yüklənməsi göstəricilərinə görə ikinci ən yüksək artıma (150 faiz) nail olub. BNF-nin 2014-2024-cü illər üzrə qlobal nəqliyyat tendensiyalarının müqayisəli təhlilinə dair statistik bülletenində isə Azərbaycanla bağlı məlumatlar forumun hazırkı sədr ölkəsi olaraq xüsusi bölməsində təqdim edilib. Bildirilib ki, son 10 ilin göstəricilərində Azərbaycanda müsbət dinamika qeydə alınıb. Xüsusən dəniz nəqliyyatı ilə yük daşınmasında əhəmiyyətli artım müşahidə olunub. 2014-2024-cü illər qlobal konteyner daşımaları ölkəmiz üçün yüksəliş dövrü kimi xarakterizə edilib.

Azərbaycanla yanaşı, Türkiyə də Orta dəhlizdə mühüm əhəmiyyətə malik ölkə sayılır. Orta dəhlizdən yüklərin Avropaya daşınmasında keçid ölkə olduğu üçün maraqlarımız üst-üstə düşür. II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda logistika məsələlərinin geniş müzakirə olunması da bununla bağlıdır. Xüsusən Orta və Zəngəzur dəhlizləri ilə bağlı məsələlər iki ölkə nümayəndələri tərəfindən geniş müzakirə edilib. 

Türkiyə ticarət nazirinin müavini Mustafa Tuzcu forumda deyib: "Zəngəzur dəhlizinin açılması bütün region tərəfindən gözlənilir və bu dəhliz təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, ümumiyyətlə, Asiya ilə Avropa arasında tədarük zəncirlərini birləşdirən kritik əhəmiyyət daşıyır. Avqust ayında Qarsda keçirilən açılışdan sonra Qars-Naxçıvan dəmir yolu layihəsinin icrası Zəngəzur dəhlizinin effektivliyini daha da artıracaq".

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vurğulayıb ki, Azərbaycan ərazisində orta dəhlizin inşası ilə bağlı əsas hissələrdən biri olan Horadiz-Ağbənd layihəsi artıq 69 faiz icra edilib. Eyni zamanda avtomobil yolunun icrası 95 faizə çatıb. Hər iki yolun gələn ilin sonunadək tam istifadəyə verilməsi planlaşdırılıb. Naxçıvan Muxtar Respublikasında da artıq nəqliyyat infrastrukturuna modern dəstək edilməsi işlərinə başlanılıb. 

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli də bildirib ki, Orta dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə addımlar həm ölkələrimizin, həm də regionun tranzit imkanlarını genişləndirir. "Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib. Bununla yanaşı, gələcəkdə Zəngəzur dəhlizi beynəlxalq daşımalar üçün tranzit imkanların genişləndirilməsinə öz töhfəsini verəcək", - deyə nazir müavini qeyd edib.

Baş nazir Əli Əsədov isə II Türkiyə-Azərbaycan Birgə İnvestisiya Forumunda çıxışında deyib ki, ölkələrimizin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta dəhlizin önəmi getdikcə artmaqdadır: "Ticarətin asanlaşdırılması üzrə islahatlar Orta dəhlizin rəqəmsallaşdırılmasını artırır. Bu da öz növbəsində həm ölkələrimizin, həm də regionun yükdaşımaları və ticarət dinamikasına müsbət təsir göstərir. Son üç ildə Azərbaycan vasitəsilə Orta dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb. Həmçinin Azərbaycanın əsas ərazisinin Naxçıvan ilə birləşdirilməsi barədə avqust ayında Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin (TRIPP) açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta dəhlizin ötürücülük qabiliyyətini artıracaq".

Forumda çıxış edən Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cevdet Yılmaz vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsindən sonra Orta dəhlizin cəlbediciliyi və istifadə imkanları əhəmiyyətli dərəcədə artıb və bu baxımdan Orta dəhlizin əsas komponentlərindən biri olan Azərbaycanla münasibətlər daha dərin strateji xarakter alıb. C.Yılmaz vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə imzalanmış və sülhün təmin olunmasına dair yol xəritəsini əhatə edən razılaşma regional sabitlik baxımından mühüm mərhələdir. Onun fikrincə, bu sülh prosesinin tezliklə reallaşması Cənubi Qafqazda sabitlik və rifah üçün möhkəm zəmin yaradacaq. Vitse-prezident əlavə edib ki, bu proses eyni zamanda Orta Asiya və türk dövlətləri ilə Türkiyə və Avropa arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə mühüm töhfə verəcək. Zəngəzur bağlantısının açılması isə Orta dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq.

C.Yılmaz eyni zamanda Azərbaycanın həm regional, həm də qlobal miqyasda artan roluna diqqət çəkərək ölkənin enerji sektorunda həyata keçirdiyi transformasiya proseslərinin diqqətlə izlənildiyini qeyd edib. O deyib ki, Orta dəhlizin, Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək: "Azərbaycan və Türkiyə münasibətlərində 21-ci əsrin İpək yolu adlandırılan Orta dəhliz bu gün heç olmadığı qədər həyati bir önəm qazanıb. Gözlər Xəzərdən keçən Orta dəhlizə çevrilib. Ancaq bu potensialı logistik imkana çevirmək bizim əlimizdədir. Beləliklə, modern İpək yolunun bünövrə daşları yerinə oturacaq".

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr