Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən günki iclasında Bakıda taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilməsi ilə bağlı təklif irəli sürülüb.
Deputat Vasif Qafarov bildirib ki, bu addım intellektual nəqliyyat sistemlərinin tətbiqini dəstəkləyər, avtomobil sıxlığını azaldar və nəticədə vətəndaşların gündəlik hərəkətini asanlaşdırar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksilərin avtobus yollarına buraxılması ilə bağlı təklifə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tural Orucov Day.Az-a açıqlamasında deyib ki, avtobus zolaqlarının təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.
"Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Taksi nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması və istifadəsi hazırda müzakirə olunmur."
Elvin Səxavətoğlu
Day.Az