AZ

Şabana Mahmud: “Əgər vətəndaşın burada qalmaq hüququ yoxdursa, ölkələri onları geri qəbul etməlidirlər”

Böyük Britaniya Demokratik Konqo Respublikasına (DKR) viza məhdudiyyətləri tətbiq edib və Anqola, Namibiya ilə miqrantların geri qaytarılması üzrə razılaşmalar elan edib.

APA xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.

Rəsmi London DKR hökumətini sənədsiz miqrantların və cinayət törətmiş şəxslərin geri qaytarılması ilə bağlı yeni siyasət çərçivəsində əməkdaşlıq etməməkdə ittiham edir.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bu tədbirləri açıqlayıb. Bildirilib ki, Anqola və Namibiya öz vətəndaşlarını geri qəbul etmək istiqamətində səylərini artırmağa razılaşıblar.

Bu razılaşmalar ötən ay daxili işlər naziri Şabana Mahmud tərəfindən təqdim olunan genişmiqyaslı islahatlar çərçivəsində ilk ciddi dəyişiklik hesab olunur. Sözügedən islahatlar qaçqın statusunun müvəqqəti edilməsini və Böyük Britaniyaya sənədsiz gələn şəxslərin deportasiya prosesinin sürətləndirilməsini nəzərdə tutur.

Hazırda Demokratik Konqo Respublikası, Anqola və Namibiya tərəfindən rəsmi mövqe bildirilməyib.

Daxili İşlər Nazirliyi qeyd edib ki, Demokratik Konqo Respublikası Böyük Britaniyanın əməkdaşlıq tələblərinə cavab verməyib və nəticədə sürətləndirilmiş viza xidmətlərindən, eləcə də yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulan imtiyazlı rejimdən məhrum edilib.

Şabana Mahmud bildirib ki, əməkdaşlıq tez bir zamanda yaxşılaşmasa, Böyük Britaniya Demokratik Konqo Respublikasına viza verilməsini tamamilə dayandıra bilər.

“Biz ölkələrdən qaydalara əməl etmələrini gözləyirik. Əgər onların vətəndaşının burada qalmaq hüququ yoxdursa, həmin şəxsi geri qəbul etməlidirlər”, – deyə o vurğulayıb.

“Anqola və Namibiyaya təşəkkür edir, onların əməkdaşlığını alqışlayıram. İndi Demokratik Konqo Respublikasının düzgün addım atmaq vaxtıdır. Vətəndaşlarınızı geri götürün, əks halda ölkəmizə giriş imtiyazını itirəcəksiniz.

“Bu, sərhədlərimizi qorumaq və burada qalmaq hüququ olmayan şəxslərin ölkədən çıxarılmasını sürətləndirmək üçün gördüyüm tədbirlərin yalnız başlanğıcıdır”, – deyə nazir əlavə edib.

Seçilən
19
1
apa.az

2Mənbələr