AZ

İdman hər yaşda faydalıdır

“İdmanla məşğul olmaq, onu həyatının tərkib hissəsinə çevirmək insanlar üçün hər yaşda lazımdır və başlıca amil isə idmanın faydalarını nəzərə almaqdır. Sürətli, hərəkətli, məşğul həyat tərzi, səhv qidalanma, artan stres, idmandan uzaq, hərəkətsiz bir həyat yaşamağımıza səbəb olur. İdmanla məşğul olmamağın səbəbi kimi qışda soyuq, yayda isə isti havanı səbəb göstəririk. Bəzən yaşımız mane olur, bəzən isə xəstəliklər. Hansı yaşda olmağımızdan asılı olmayaraq, orqanizm üçün idman etmək faydalıdır. Lakin idman edərkən bəzi ünsürlər nəzərə alınmalıdır: yaşımız, keçirdiyimiz xəstəliklər və s.”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyev əlavə edib ki, istər qadınların, istərsə də kişilərin idman etməkdə məqsədi sağlamlıqlarını qorumaqdır. Nizamlı bir şəkildə edilən idmanın təsirini bir-üç ay ərzində görmək mümkündür, amma idmana fasilə versək, faydalı təsirləri qısa müddətdə itə bilər.

“Ümumiyyətlə, idmanla məşğul olmayan insanlar ürək müayinəsindən keçdikdən sonra həftədə 5 gün, ən azı yarım saat və ya həftədə 3 gün 1 saat olmaq şərti ilə idmanla məşğul ola bilərlər.

Hər kəs özü üçün hansı idman növünün daha faydalı olduğunu bilməli və həmin idman növünü seçməlidir.

-Sağlamlıq barədə nəzərə çarpacaq qədər şikayəti olmayan, müəyyən səviyyədə fəaliyyəti olan şəxslər sadə səviyyədə bir idmana hər yaşda həkim nəzarəti olmadan başlaya bilər;

-Ancaq həyatının əhəmiyyətli bir hissəsini hərəkətsiz keçirmiş, artıq çəkisi olan, siqaret çəkən, xolesterol yüksəkliyi olan, yəni ürək-damar xəstəliklərinin inkişafına yol aça biləcək risklərdən ən azı birinə malik olan şəxslər məşq proqramına başlamazdan əvvəl mütləq müayinədən keçməlidir.

Ümumiyyətlə, hər yaş qrupundan olan insanlar idmandan faydalana bilər. Heç bir yaşda idmana başlamaq üçün “gecdir” demək düzgün deyil”, - deyə G.Quliyev qeyd edib.

Afət Tahirqızı

Seçilən
33
1
sia.az

2Mənbələr