AZ

Tramp və Putin danışığının detalları açıqlandı

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının detalları məlum olub. Məlumata görə, liderlərin söhbəti 1 saat 15 dəqiqə davam edib.

Milli.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, telefon danışığı Donald Trampın təşəbbüsü ilə baş tutub.

Uşakov bildirib ki, tərəflər Ukraynadakı münaqişə ilə bağlı müvəqqəti atəşkəsin problemi həll etməyib, əksinə münaqişəni uzada biləcəyi barədə ümumilikdə oxşar mövqedən çıxış ediblər. Tramp isə Ukrayna böhranının həlli məsələsinin onun üçün ən çətin mövzulardan biri olduğunu etiraf edib.

Danışıq zamanı liderlər münaqişənin nizamlanması üçün xüsusi yaradılmış işçi qruplar çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər. Bildirilib ki, bu işçi qruplarının parametrləri yanvarın əvvəlində açıqlanacaq.

Bundan əlavə, Tramp və Putin ABŞ-Rusiya iqtisadi əməkdaşlığının perspektivlərini də müzakirə ediblər. Tərəflər Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra yenidən telefon danışığı aparmaq barədə razılığa gəliblər.

Donald Tramp telefon danışığını "çox məhsuldar" adlandırıb. O, bu barədə "Truth Social" platformasında paylaşım edib və söhbətin Zelenski ilə planlaşdırılan görüşdən əvvəl baş tutduğunu qeyd edib. Trampın sözlərinə görə, Zelenski ilə görüş Floridadakı Mar-a-Laqo iqamətgahında mətbuatın iştirakı ilə keçiriləcək.

ABŞ və Rusiya prezidentləri arasında bu telefon danışığı son iki ay yarımda ilk, ilin əvvəlindən bəri isə doqquzuncu olub. Danışığın baş tutduğunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

Fidan
Milli.Az

Seçilən
62
50
milli.az

10Mənbələr