AZ

Zalujnı Böyük Britaniyadakı səfir vəzifəsindən ayrılmağa hazırlaşır

Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin sabiq baş komandanı Valeriy Zalujnı yanvarın əvvəlində tutduğu vəzifəni tərk etməyi planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə Radio NV öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Zalujnı bir neçə həftə əvvəl Kiyevdə olarkən istefa vermək istədiyini Ukrayna prezidenti Volodimir Zelenskiyə çatdırıb. Mənbələr bildirir ki, tərəflər arasında müxtəlif mümkün vəzifələr — baş nazir postu və ya Prezident Ofisinin rəhbərliyi də daxil olmaqla — müzakirə edilsə də, Zalujnı həmin vaxt bu variantlara maraq göstərməyib.

Nəşrin digər mənbələri qeyd edir ki, Zalujnı bir müddət ABŞ-da səfir və ya yenidən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postu barədə düşünüb. Lakin hazırda bu istiqamətdə konkret qərar yoxdur və ABŞ-dakı səfirin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılmır.

Mənbələrdən birinin sözlərinə görə, Zalujnı Kiyevə qayıtmaq niyyətindədir və qərarına təsir edən amil olmazsa, bu barədə 4–5 yanvar tarixlərində açıqlama verə bilər.

Xatırladaq ki, Valeriy Zalujnı 8 fevral 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib. O, üç ay sonra — 9 may 2024-cü ildə Ukraynanın Böyük Britaniyadakı səfiri təyin olunub.

Qeyd edək ki, Zalujnı daha əvvəl verdiyi açıqlamalarda Ukraynadakı müharibənin ədalətli şəkildə başa çatmasının ölkənin ərazi bütövlüyünün bərpası, Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması və Avropanın təhlükəsizliyinə dair etibarlı zəmanətlərin verilməsi ilə mümkün olduğunu bildirib.

Seçilən
46
8
veteninfo.az

10Mənbələr