AZ

Repçi baş nazirliyə namizədliyini elan edib

Nepalda maraqlı siyasi proses yaşanır. AzPost Bombay Samachar nəşrinin BBC Nepal xidmətinə istinadla xəbər verir ki, ölkədə keçmiş rep ifaçısı, hazırda Katmandu Böyükşəhər Bələdiyyəsinin sədri olan Balendra Şah 2026-cı ildə keçiriləcək ümumi seçkilərdə baş nazirliyə namizəd olduğunu açıqlayıb. Bildirilir ki, Şah Rastriya Svatantra Partiyası ilə razılaşma əldə edərək seçkilərə bu siyasi birliklə qatılacaq.

Məlumata görə, tərəflər 5 mart 2026-cı il tarixində keçirilməsi planlaşdırılan ümumi seçkilərlə bağlı 7 maddədən ibarət əməkdaşlıq sənədi imzalayıb. Razılaşmaya əsasən, Balendra Şah parlament fraksiyasının rəhbəri və baş nazirliyə namizəd olacaq. Partiyanın sədri və keçmiş baş nazir müavini Rabi Lamiçxane isə siyasi təşkilatın rəhbərliyini davam etdirəcək.

Qeyd edək ki, təxminən 30 milyon əhalisi olan Nepalda ümumi seçkilər zamanı Nümayəndələr Palatasına 275 deputat seçiləcək. Seçkilərin ölkənin siyasi gələcəyi baxımından həlledici olacağı bildirilir. Balendra Şahın keçmişdə musiqi fəaliyyəti ilə tanınması və sonradan yerli idarəetmədə ön plana çıxması onun namizədliyini daha da diqqətçəkən edir.

Xatırladaq ki, Nepal bu il ciddi siyasi və ictimai gərginliklə üzləşib. Sentyabrın 4-də hökumət lisenziya müraciətlərinin edilməməsi əsasını gətirərək bir sıra sosial şəbəkə platformalarına girişin məhdudlaşdırılması barədə qərar vermişdi. Bu addım xüsusilə gənclərin iştirakı ilə kütləvi və zorakı etirazlara səbəb olmuşdu.

Hadisələr zamanı 74 nəfərin həyatını itirdiyi, bir sıra nazirlərin istefa verdiyi bildirilir. Etirazların genişlənməsi nəticəsində siyasi xadimlərin evlərinə və dövlət binalarına hücumlar qeydə alınıb. Baş nazir Xadqa Prasad Şarma Oli sentyabrın 9-da istefa verib, daha sonra isə ölkədə müvəqqəti hökumət formalaşdırılıb. Sentyabrın 12-də Ali Məhkəmənin sabiq sədri Suşila Karki müvəqqəti baş nazir vəzifəsinin icrasına başlayıb.

AzPost.az

Seçilən
11
6
azpost.info

9Mənbələr