Tramp dövründə ABŞ–İsrail münasibətlərinin institusional strateji tərəfdaşlıqdan liderlər arasında şəxsi ittifaqa çevrildiyi məlumdur.
Turkustan.az xəbər verir ki, Netanyahunun ABŞ-a tez-tez səfərləri də bu fərdiləşmənin göstəricisi kimi qiymətləndirilə bilər.
İzmir Katip Çələbi Universitetinin Beynəlxalq Münasibətlər Bölümünün dosenti Tuğçe Ersoy Ceylan AA Analysis üçün yazdığı məqalədə 29 dekabrda keçirilməsi gözlənilən Tramp–Netanyahu görüşünün pərdəarxası məqamlarını təhlil edir.
Donald Trampın Ağ Evdəki ikinci müddətində Netanyahu ilə dörd dəfə görüşdüyü, bu gün Floridada keçiriləcək görüşün isə beşinci olacağı bildirilir. Ağ Evin açıqlamasına görə, görüş Netanyahunun dekabrın əvvəlində telefon danışığı zamanı səfər təşəbbüsü irəli sürməsindən sonra təşkil olunub. Bu, Netanyahunun Trampa mesaj vermək və onu mühüm məsələlərdə razı salmaq cəhdi kimi şərh edilə bilər.
Bu səfər 19 dekabrda Mayamidə Trampın xüsusi nümayəndəsi Stiv Vitkov, Cared Kuşner, Türkiyənin XİN rəhbəri Hakan Fidan, Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani və Misir kəşfiyyat rəisi Həsən Mahmud Rəşad arasında Qəzza ilə bağlı keçirilən görüşdən dərhal sonra baş tutur.
Atəşkəs danışıqlarında əsas mübahisə mövzularından biri HƏMAS və digər Fələstin qruplarının tərksilah edilməsidir. Netanyahunun Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin və texnokratik hökumətin yaradılmasına şübhə ilə yanaşdığı, Türkiyənin isə atəşkəsdən sonrakı dövrdə üzərinə rol götürməkdə maraqlı olmadığı bildirilir. İsrail rəsmilərinin Mayami danışıqlarının nəticələrini mənfi qiymətləndirməsi, Netanyahunun Trampı İsrailin mövqeyinə yaxınlaşdırmaq istədiyini göstərir.
İsrailin barışmaz mövqeyi ABŞ vitse-prezidenti JD Vens və dövlət katibi Marko Rubionun da narazılığına səbəb olub. Bu səbəbdən Netanyahu Tramp ilə şəxsi münasibətlərə arxalanmağa çalışır. Lakin Tramp Qərb Şəriyəsində məskunlaşma zorakılığı, Fələstin Muxtariyyətinin islahatı və maliyyə vəziyyəti kimi mövzuları gündəmə gətirə bilər. İsrail bu proseslərə mane olduğu müddətdə Trampın Yaxın Şərq sülh planının uğur qazanması çətin görünür və bu da iki lider arasında fikir ayrılıqlarını dərinləşdirə bilər.
Aytən Yaşar/ Turkustan.az