AZ

Edinson Kavani futbolçu karyerasını bitirdi – ARENA.AZ

Uruqvay millisinin və Argentinanın “Boka Xuniors” klubunun hücumçusu Edinson Kavani peşəkar futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu qərarını sosial şəbəkə hesabları vasitəsilə elan edib:

“Məni formalaşdırdın, məndən çox şey istədin, yıxıldığım zaman yenidən ayağa qalxmağı və hər addımı dəyərli etməyi öyrətdin. Uşaqlıqda qeyri-mümkün görünən xəyallarıma çatmağıma, meydanda və meydandan kənarda inanılmaz insanlarla tanış olmağıma imkan verdin.

Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası tanıdığım insanlar olmadan mümkün olmazdı. Hər ölkədə və hər klubda azarkeşlərin göstərdiyi sevgi həyatımın qalan hissəsində özümlə aparacağım bir şeydir. Hər məşqdə və hər matçda əlimdən gələni etdiyimi bilərək təmiz bir vicdanla ayrılıram. Səhvlərlə, uğurlarla, amma həmişə mənə çox şey verən bu peşəyə hörmətlə!”

Edinson Kavani “Danubio”nun yetirməsidir. Uruqvaylı hücumçu karyerası ərzində “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted”, “Valensiya” və “Boka Xuniors”da çıxış edib.

Kavani 2023-cü ilin iyulunda “Valensiya”dan azad agent qismində “Boka Xuniors”a qoşulmuşdu. Uruqvaylı hücumçu “genuyalılar”ın heyətində 79 oyuna çıxıb, 28 qola imza atıb, 3 assist müəllifi olub.

Kavaninin formasını geyindiyi klublardakı ümumi statistikası belədir:

PSJ – 301 oyun (200 qol, 43 assist)
Napoli – 138 oyun (104 qol, 14 assist)
Palermo – 117 oyun (37 qol, 7 assist)
Boka Xuniors – 79 oyun (28 qol, 3 assist)
Mançester Yunayted – 59 oyun (19 qol, 7 assist)
Valensiya – 28 oyun (7 qol, 2 assist)
Danubio – 20 oyun (8 qol, 3 assist)

Kavani 2008-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 136 oyuna çıxıb, 58 qol vurub, 17 məhsuldar ötürmə verib. O, 2024-cü ilin may ayında milli karyerasını başa vurduğunu açıqlayıb.

Edinson Kavaninin qənimətlər muzeyində “Danubio” ilə Uruqvay çempionluğu, “Napoli” ilə İtaliya Kuboku, PSJ ilə Fransa çempionluğu (6 dəfə), Fransa Kuboku (6 dəfə), Fransa Liqa Kuboku (6 dəfə), Fransa Super Kuboku (5 dəfə) var.

Uruqvay yığması ilə Kavani Amerika Kubokunun (2011) qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
44
17
arena.az

10Mənbələr