Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son günlər uşaqlar və körpələr arasında yüksək temperaturla müşahidə olunan xəstəlik yayılıb.
Həkim, pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, sözügedən viruslar yeni yaranmayıb, hər il payız və qış fəslində mövcud olub:

“Son zamanlar uşaqlar və körpələr arasında yüksək hərarət, boğaz ağrısı, öskürək, bəzən isə ürəkbulanma və qusma ilə müşayiət olunan kliniki hallara rast gəlinir. Bu əlamətlər hər il payız-qış mövsümündə gördüyümüz vəziyyətdir. Havaların soyuması, qapalı məkanlarda daha çox vaxt keçirmək virus infeksiyalarının daha tez yayılmasına səbəb olur. İnsanlar çox təşvişə düşür ki, yeni xəstəlik yayılıb, əslində isə bu hər il yayılan, hamımızın bildiyi qrip və qripəbənzər virus infeksiyalarıdır. Burada kəskin respirator virus qrupu adı altında bir çox ad çəkə bilərik, eləcə də, qrip, paraqrip, influenza, rinovirus, adenovirus, metapneumovirus, respirator sinsitial virus və s. Havalar isinənə kimi – may, iyun ayınadək bu viruslar aktiv olurlar.
Bu haldan qorunmaq üçün təəssüf ki, xüsusi bir vasitə yoxdur, sadəcə gigiyenik tədbirlərə riayət etmək lazımdır. Uşaqlara hələ körpəlikdən əlyuma vərdişini aşılamaq lazımdır. Bundan əlavə uşağa mövsümə uyğun vitamin, minerallarla zəngin meyvə-tərəvəzdən ibarət qida rasionu hazırlamaq, zərərli yeməklərdən maksimum uzaqlaşdırmaq mütləqdir. Yuxu rejiminin düzgün olması və uşağın ən çox vaxt keçirdiyi mühitdə otağın havasını tez-tez havalandırmaq viruslardan qorunmağa kömək edir. Bunlara əməl edilmədiyi halda hansısa profilaktik vitamin və ya pereparat istifadəsinin elə də rolu yoxdur”.
Pediatr qeyd edib ki, influenza virusuna qarşı peyvəndlərin xüsusi rolu var:
“Hər il sentyabr-oktyabr aylarında mövsümi olaraq qrip peyvəndini tövsiyə edirik. Bu peyvəndi həm özəl, həm də dövlət xəstəxanalarında vurdurmaq olur. Peyvəndin üstün tərəfi odur ki, ən ağır əlamətlə keçirilən, temperaturun düşmək bilmədiyi influenza virusu ya çox yüngül keçirilir, ya da ümumiyyətlə ona yoluxma baş vermir.
Antibiotikin heç bir təsiri yoxdur
Sadaladığımız əlamətlər varsa, antibiotik dərmanın uşağa faydası olmur. Virus infeksiyalara antibiotiklərin heç bir təsiri olmur. Təəssüf ki, valideynlərin etdiyi ən böyük səhv doğru olmayan dozalarla uşağa antibiotik qəbul etdirməkdir. Bu, uşağın immun sistemini daha da zəiflədə, ağırlaşmalar yarada bilər. Həmin haldan sonra həkimə müraciət etdikdə isə xəstəxanada yatmaq tələb olunur. Ona görə də valideynlərə tövsiyəmiz odur ki, özbaşına evdə heç bir antibiotik müalicəsinə başlamasınlar, çünki həqiqətən də onun heç bir faydası yoxdur. Virus öz-özündən məhdudlaşan, 3-7 gün ərzində yüksək hərarətlə müşayiət olunan, zamanla isə bu əlamətlərin keçib getdiyi haldır. Yalnız qrip virusunda, əgər temperatur heç bir şəkildə enmirsə, ilk 48 saat ərzində antivirus dərmanla onu müalicə etmək olur. Lakin onu da spesifik testlərdən sonra uşağın ümumi klinik vəziyyəti və həkim müayinəsi əsasında bu qərar verilir. Hər qrip olan uşağa antivirus müalicə başlanılmır. Digər viruslarda isə sadəcə simptomatik müalicə aparılır, uşağın lazımi maye qəbulu və istirahət rejiminə əməl olunması tələb olunur. Həmin uşaqlar bağçaya, məktəbə getməməli, dincəlməlidirlər. Bu tədbirlərə riayət edilsə, virusların yayılmasının qarşısı alınacaq.
Uşaqlarda sözügedən əlamətlər yarandıqda ilk növbədrə həkimə müraciət etmək lazımdır. Müraciət ilk 48 saat ərzində olduqda və qrip virusu aşkarlandıqda, buna qarşı tədbir görmək mümkündür”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.