"Avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton səfəri və burada əldə olunan razılaşmalar, xüsusilə sülh müqaviləsinin mətninin paraflanması, ciddi əhəmiyyət kəsb edən bir prosesdir. Bundan sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesi daha intensiv xarakter almağa başladı. Azərbaycan Ermənistana qarşı tətbiq olunan tranzit məhdudiyyətlərini aradan qaldırdı, eyni zamanda Azərbaycan neft məhsulları Ermənistan bazarına çıxarıldı. İki tərəfli təmaslar ciddi şəkildə intensivləşdi və proses sürətlə davam edir. Bu görüş əvvəlki formatlarda keçirilən görüşlərdən fərqli olaraq daha məhsuldar və nəticəyönlü oldu. Normallaşmanın intensiv xarakter almasının əsas səbəbi məhz budur. Əvvəlki formatların əhəmiyyətini azaltmaq doğru deyil, hər bir görüşdə müəyyən nəticələr əldə olunub".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Xatırladaq ki, 2025-ci ildə Vaşinqtonda başlayan sülh prosesi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda əməkdaşlıq mühitinin formalaşması baxımından mühüm mərhələdir. Bu proses Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi strateji layihələrə təsir göstərir.
Siyasi şərhçi qeyd edib ki, təəssüf ki, vasitəçilərin heç biri nəticəyə yönəlik məsələlərdə kifayət qədər konkret olmayıb və bəzən öz maraqlarını ön plana çıxarmaq və ya birtərəfli mövqe tutmaqla prosesi ləngidiblər.