Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən icra olunan “Kadr İndeksi” pilot layihəsi ilə bağlı görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Bildirilib ki, görüşdə universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Hasil Abbasov və hər iki tərəfdən aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.
Məlumat verilib ki, 10-dan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlanan “Kadr İndeksi”nin məqsədi tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəriciləri ölçmək, səriştələrarası balansı qiymətləndirmək, tələbələrin fərdi inkişafına yönəlmiş sistemli yanaşma formalaşdırmaqdır.
Layihə çərçivəsində əvvəlcə pilot olaraq ADPU-nun II tədris ilində təhsil alan 100 nəfər tələbəsinin qeyri-akademik bacarıqları üzrə səriştələri yoxlanılacaq və onlara yumşaq bacarıqlarla bağlı müvafiq sənəd və fərdi məsləhətlər veriləcək.
İlk olaraq ali təhsil müəssisələrində pilot qruplarla həyata keçirilən layihənin gələcəkdə genişləndirilərək ölkə üzrə bütün tələbə kontingentini əhatə etməsi və tələbələrə akademik sənədlərlə yanaşı, onların “yumşaq bacarıqlar”ını əks etdirən müvafiq sənədlərin verilməsi nəzərdə tutulur.