Bakı, 30 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycan xarici tərəfdaşlar və beynəlxalq təşkilatlarla əməkdaşlığın coğrafiyasını genişləndirməklə beynəlxalq kosmik sənayedə mövqelərini ardıcıl şəkildə möhkəmləndirir. “Azərkosmos” milli operatorun fəaliyyəti peyk texnologiyaları və kosmik xidmətlər sahəsində dayanıqlı ekosistemin formalaşmasına töhfə verir. Dayanıqlı inkişaf və iqlim monitorinqi məsələlərinə qlobal marağın artdığı bir dövrdə kosmik həllərin rolu xüsusi əhəmiyyət kəsb edir.
İtaliyanın “Leaf Space” şirkətinin tənzimləmə məsələləri üzrə rəhbəri Matteo Kappella AZƏRTAC-a müsahibəsində cari tendensiyalar, Azərbaycanın regional liderliyi və kosmik sahədə beynəlxalq əməkdaşlığın perspektivləri barədə danışıb.
Qeyd edək ki, “Leaf Space” peyklər üçün yerüstü xidmətlərin göstərilməsi üzrə (Ground Segment as a Service – GSaaS) İtaliyanın ixtisaslaşmış texnoloji şirkətidir. Şirkət peyklərin idarə olunması, rabitə və məlumat mübadiləsi üçün innovativ, etibarlı və miqyaslana bilən həllər təklif etməklə kosmik sahədə fəaliyyət göstərən operatorlara və şirkətlərə kosmosu daha əlçatan etməyə kömək edir. “Leaf Space” “Azərkosmos” və digər tərəfdaşlarla əməkdaşlıq edərək peyklərin idarə edilməsi, məlumatlara çıxış və rabitənin təmin edilməsi xidmətləri göstərir, kosmik missiyaların sadələşdirilməsinə töhfə verir.
–Sizin fikrinizcə, son illərdə Azərbaycan kosmik sənayedə hansı regional və beynəlxalq rol oynamağa başlayıb?
– Azərbaycan regional kosmik sektorun inkişafında, eləcə də kosmik texnologiyaların Qafqazda və Mərkəzi Asiyada, o cümlədən Türk Dövlətləri Təşkilatı və digər formatlar çərçivəsində və beynəlxalq səviyyədə yayılmasında müsbət və nəzərəçarpan rol oynamaq potensialına malikdir.
“Azərkosmos”un fəaliyyəti sayəsində ölkə kosmik sahədə müstəqil imkanlarını və ambisiyalarını, həmçinin Beynəlxalq Astronavtika Konqresi də daxil olmaqla, mühüm beynəlxalq platformalarda fəal iştirakını nümayiş etdirərək nüfuzlu iştirakçı kimi formalaşıb.
“Azərkosmos” GSOA, CEPT, RCC və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) kimi strukturlar çərçivəsində mürəkkəb tənzimləyici məsələlər üzrə ciddi səriştələrə malik inkişaf edən kosmik agentliyin bariz nümunəsidir. Mən gözləyirəm ki, Azərbaycan və “Azərkosmos” bu bacarıqlardan və formalaşmış nüfuzdan beynəlxalq əməkdaşlıq aləti kimi istifadə etməyə davam edəcək. Ölkə və onun kosmik agentliyi tərəfdaşlara və qonşu dövlətlərə xidmətlər və potensialın artırılması proqramları təklif etmək üçün əlverişli mövqedədir, eyni zamanda, əlavə təcrübə qazanmaq və bu sahədə nüfuzunu gücləndirmək məqsədilə daha böyük ölkələrin rəhbərliyi altında həyata keçirilən beynəlxalq proqramlarda iştirak etməyə çalışır.
– “Azərkosmos”un beynəlxalq əməkdaşlıq üçün ən böyük potensiala malik olduğu sahələr hansılardır?
– Əməkdaşlıq potensialı həm beynəlxalq kosmik agentliklərlə, həm də kommersiya strukturları ilə qarşılıqlı fəaliyyəti əhatə edir. Bu, ilk növbədə, peyk rabitəsi, Yerin müşahidəsi, spektrin idarə olunması və xidmətlərin göstərilməsi sahələrinə aiddir. “Azərkosmos”un tənzimləyici sahədəki ekspertizası onu çoxtərəfli layihələrdə xüsusilə cəlbedici tərəfdaşa çevirir.
– Peyk texnologiyalarının Azərbaycan üçün iqtisadi və strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Şübhəsiz ki, peyk texnologiyaları onları inkişaf etdirən və tətbiq edən ölkələrə müsbət iqtisadi təsir göstərir. Kosmik texnologiya və tətbiqlərin uğurlu istifadəsinin əsas amili siyasətdir. Azərbaycan digər ölkələr kimi, kosmosa necə investisiya yatıracağını (kosmik siyasət) və kosmosdan necə istifadə edəcəyini (kosmik məlumatlara əsaslanan siyasət) müəyyən etməli, bu iki qərar toplusu arasında aydın əlaqəni təmin etməlidir.
– Beynəlxalq kosmik ekosistemə daha dərindən inteqrasiya üçün Azərbaycan hansı istiqamətləri prioritetləşdirməlidir?
– Bu kontekstdə ölkə üçün yalnız bir üstün istiqaməti ayırmaq çətindir. Şübhəsiz ki, nisbətən gənc demoqrafik struktura malik olan Azərbaycan kosmosdan STEM fənlərinə marağın artırılması və startapların yaradılmasının təşviqi üçün alət kimi istifadə edə bilər. Ölkə, eyni zamanda, peyk rabitəsi və Yerin müşahidəsi sahəsində regional liderliyinə tərəfdaşlarla əməkdaşlıqda “yumşaq güc” aləti kimi arxalanaraq aparıcı mövqedə çıxış edə bilər. Daha təcrübəli beynəlxalq oyunçularla əməkdaşlıq isə Azərbaycanın hələ inkişaf mərhələsində olduğu sahələrdə texnologiya və “nou-hau”ya çıxış imkanı yaradacaq. Nəticə etibarilə prioritetlərin seçimi dövlətin siyasi iradəsindən və mövcud strateji vəzifələrindən asılı olacaq.
Bu yanaşmanın yaxşı nümunələri Avropa Kosmik Siyasət İnstitutunun (ESPI) “kosmik güc” mövzusunda apardığı tədqiqatlarda əksini tapıb.
– Kosmik texnologiyaların iqlim monitorinqinə və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə vermək potensialını necə qiymətləndirirsiniz?
– Kosmik tətbiqlər BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinin əksəriyyətinə, hətta hamısına nail olunmasına mühüm töhfə verir. Bu, Avropa Kosmik Agentliyinin tədqiqatları, eləcə də “UNOOSA”nın “Space4SDGs” təşəbbüsü ilə təsdiqlənir.
Kosmik texnologiyalar iqlim monitorinqi üçün həyati əhəmiyyət daşıyır. Peyklər vasitəsilə Yerin məsafədən zondlanması – istər Yer müşahidəsi məlumatları, istərsə də meteoroloji informasiya – zaman üzrə dəyişikliklərin ölçülməsi, istixana qazı emissiyalarının kosmosdan monitorinqi, eləcə də iqlim siyasətinin planlaşdırılması, icrası və qiymətləndirilməsi üçün fundamental alətdir. “UNOOSA”nın son COP konfranslarında getdikcə daha fəal iştirakı da iqlim tədbirlərinin həyata keçirilməsində kosmik texnologiyaların əhəmiyyətini bir daha vurğulayır.
– “Azərkosmos” və “Leaf Space” arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
– “Leaf Space” hazırkı mərhələdə “Azərkosmos” ilə əməkdaşlığı yüksək qiymətləndirir. Bu tərəfdaşlıq regionda yerüstü stansiyalar üzrə əhatəliliyin təmin edilməsi baxımından “Leaf Space” üçün son dərəcə vacib olub.
“Azərkosmos”un əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək komandamıza əla dəstək göstəriblər. Mən mütəmadi olaraq radiotezlik spektrinin idarə olunması üzrə bölmə ilə qarşılıqlı əlaqədəyəm və qeyd edə bilərəm ki, komanda stansiyanın Azərbaycanda fəaliyyəti ilə bağlı milli və beynəlxalq spektr tənzimlənməsi məsələlərində “Leaf Space”in düzgün istiqamətlənməsinə kömək edərək hər zaman qüsursuz fəaliyyət göstərib.