Tənzimləmənin təkmilləşdirilməsi, innovasiyalara dövlət dəstəyinin genişləndirilməsi və maliyyə institutları və banklarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın fintex ekosisteminin yeni inkişaf mərhələsinə keçməsi üçün əsas şərtlərdir.
Aznews.az xəbər verir ki, "İnnovasiyaların maliyyələşdirilməsi üçün mənbələrin məhdud olduğu şəraitdə dövlət stimulları həlledici əhəmiyyət kəsb edir, innovativ həllərin hazırlanma mərhələsindən praktiki tətbiqə keçməsinə və istehlakçıların real ehtiyaclarının qarşılanmasına kömək edir", - Bank vurğulayır.
ADB qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında innovasiyaların tətbiqini sürətləndirmək, rəqabəti artırmaq və dayanıqlı maliyyə həllərini dəstəkləmək məqsədilə tənzimləyici "sandbox" yaradıb.
"Bu sınaq mexanizmindən istifadə ödəniş kartları və elektron pulların (e-money) emissiyası da daxil olmaqla ödəniş xidmətlərinin sayının artmasına, həmçinin maliyyə əlçatanlığının genişləndirilməsi üçün agent şəbəkələrinin formalaşmasına töhfə verə bilər. Pul köçürmələri, elektron pullar və ödəniş kartları kimi yeni ödəniş xidmətlərinin təqdim edilməsi və tətbiq proqramlaşdırma interfeysi (API) texnologiyalarının istifadəsinin genişləndirilməsi bazarda yeni rəqabət imkanları yaradacaq", - hesabatda deyilir.
ADB hesab edir ki, innovasiyaların dəstəklənməsinin daha bir mühüm istiqaməti bank və fintex sektorları arasında qarşılıqlı əlaqələrin inkişafıdır. Bir sıra maliyyə qurumları artıq fintex şirkətləri ilə tərəfdaşlıq qurur, rəqabəti qorumağa və dəyişən bazar şəraitinə uyğunlaşmağa çalışır.
Xüsusilə bəzi fintex şirkətləri ödəniş aqreqatorları qismində çıxış edərək kommersiya banklarına kütləvi xidmətlər üzrə rəqəmsal ödənişlərin qəbulu üçün infrastruktur həlləri təqdim edir. Onlar bankların adından nağd ödənişləri qəbul edən geniş ödəniş terminalları şəbəkəsi ilə təmin edir, kommersiya bankları isə fintex şirkətlərinə rəqəmsal hesablaşmalar üçün platformalar təqdim edir. Bu cür əməkdaşlıq rəqəmsal maliyyə xidmətləri bazarının genişlənməsinə kömək edir.