AZ

“Çiçəyi burnunda” başçı Nəsimini niyə SOYDU? – İcra hakimiyyətləri LƏĞV EDİLSİNMİ?

Bakının Nəsimi rayonuna icra başçısı təyin edilən Elxan İbrahimovun cəmi 47 gün sonra vəzifəsindən uzaqlaşdırılması cəmiyyətdə və mediada geniş müzakirələrə səbəb olub. Qısa müddət ərzində baş verən bu dəyişiklik müxtəlif iddiaların ortaya çıxmasına yol açıb. Yayılan məlumatlara görə, onun işdən çıxarılması rayon ərazisində fəaliyyət göstərən iri özəl şirkətlərdən qeyri-rəsmi maliyyə vəsaitlərinin tələb edilməsi ilə əlaqələndirilir. Bildirilir ki, söhbət on minlərlə deyil, 100–200 min manat civarında olan məbləğlərdən gedir. Bununla belə, bu iddialar rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.

Elxan İbrahimovun özü məsələyə münasibət bildirməkdən yayınaraq, hazırda geniş açıqlama vermək istəmədiyini, uyğun vaxtda danışacağını deyib. Maraqlı məqamlardan biri də odur ki, onun Nəsimi rayonuna təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da qısa müddət sonra vəzifəsindən azad edilib və bu qərarın da eyni məsələ ilə bağlı olduğu iddia olunur.

Xatırladaq ki, Elxan İbrahimov Nəsimi rayonuna təyin olunmazdan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu fakt onu uzun illər əvvəl formalaşmış idarəetmə kadrları sırasında göstərir. Siyasi müşahidəçilərin fikrincə, son dövrlərdə belə keçmiş bağlantılar artıq məmurlar üçün üstünlük deyil, əksinə, ciddi risk amilinə çevrilib.

 

Qeyd etmək yerinə düşər ki, icra başçıları vəzifəyə təyin edilərkən Prezident İlham Əliyev tərəfindən qəbul olunur və həmin görüşlərdə dövlət məmurlarına açıq şəkildə xəbərdarlıqlar edilir. Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, məmurun əsas vəzifəsi xalqa xidmət etmək, təvazökar olmaq, korrupsiyadan və vəzifə səlahiyyətlərindən sui-istifadədən uzaq durmaqdır. O, eyni zamanda qeyd edib ki, qanunsuz yolla gedən hər bir dövlət məmuru gec-tez qanun qarşısında cavab verməli olur və heç bir qanunsuz hərəkət nəticəsiz qalmır. Bu baxımdan Elxan İbrahimovla bağlı verilmiş qərarın son olmadığı, iddialar təsdiqini taparsa məsələnin hüquqi müstəvidə davam edəcəyi ehtimalı da istisna edilmir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədlinin fikrincə, Azərbaycanda bəzi icra başçılarının vəzifəyə təyin olunduqdan dərhal sonra pul toplamaq, rayonda obyektlər əldə etmək və şəxsi təsir dairəsi qurmaq cəhdləri etməsi fərdi hal deyil, sistemli problemdir: “Bu davranışın kökündə vəzifəyə xidmət vasitəsi kimi deyil, gəlir mənbəyi kimi baxılması dayanır. Uzun illər ərzində zəif nəzarət mexanizmləri və cəzasızlıq mühiti bəzi məmurlarda belə yanlış düşüncə formalaşdırıb. İcra başçılarının yerli sahibkarlardan “yardım”, “sponsorluq” və ya digər qeyri-rəsmi adlar altında pul tələb etməsi açıq şəkildə cinayət əlamətləri daşıyır və bu hallar Cinayət Məcəlləsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və hədə-qorxu ilə tələb etmə kimi qiymətləndirilə bilər. Problemin əsas çətin tərəfi isə sübutların toplanması və sahibkarların açıq şəkildə şikayət etməyə çəkinməsidir”.

Samir Əsədli

Ekspertin fikrincə, bu cür halların qarşısını almaq üçün icra başçılarının fəaliyyəti üzərində ciddi maliyyə və həyat tərzi nəzarəti tətbiq olunmalı, sahibkarlar üçün anonim və təhlükəsiz şikayət mexanizmləri yaradılmalı, vəzifəyə təyinatdan əvvəl namizədlərin keçmiş fəaliyyəti və reputasiyası daha dərindən araşdırılmalıdır:”Eyni zamanda, ictimai nəzarət və media araşdırmalarına formal yox, real hüquqi reaksiya verilməlidir. Hüquqşünasların qənaətinə görə, məmur bilməlidir ki, vəzifəyə təyin olunmaq toxunulmazlıq deyil, əksinə, daha böyük məsuliyyət və daha sərt nəzarət deməkdir. Yalnız bu halda icra strukturlarında illərlə mövcud olmuş bu kimi neqativ halların qarşısını almaq mümkün olacaq”.

 

 

Seçilən
95
nocomment.az

1Mənbələr