2026-cı il qlobal tədbirlər, tarixi yubileylər və yeni mədəniyyət ocaqlarının açılışı ilə turizm dünyasında unudulmaz bir il olacaq.
Resorting.az "Forbes" nəşrinə istinadən İtaliyadakı Qış Olimpiya Oyunlarından tutmuş Şimali Amerikadakı FIFA Dünya Kubokuna qədər ən maraqlı marşrutları təqdim edir.
İdman və tarixin qovşağında
2026-cı ildə səyahətçilər sadəcə istirahət etməyəcək, həm də tarixin şahidi olacaqlar:
İtaliya (Milan və Dolomit Alp dağları): Fevralda Qış Olimpiadasına ev sahibliyi edəcək bu bölgə turistlərə həm dəbdəbəli alış-veriş, həm də UNESCO-nun qoruduğu möhtəşəm dağ mənzərələri vəd edir.
ABŞ (Vaşinqton və Dallas): Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi və Dünya Kuboku oyunları paytaxt Vaşinqtonu və Dallası səyahətçilərin sevimli nöqtəsinə çevirəcək.
Mədəniyyət və incəsənət paytaxtları
Yeni muzeylər və memarlıq möcüzələri axtaranlar mütləq şəkildə Abu Dabi və Varşavanı ziyarət etməlidir:
Abu Dabi (BƏƏ): Luvr muzeyindən sonra Zayed Milli Muzeyi və "TeamLab Phenomen"a kimi rəqəmsal incəsənət mərkəzləri şəhəri bölgənin mədəniyyət mərkəzinə çevirib.
Varşava (Polşa): Yeni Müasir İncəsənət Muzeyi və dadlı polyak mətbəxi (məsələn, məşhur paczki şirniyyatları) şəhəri Avropanın parlayan ulduzuna çevirir.
Ekstremal və dəbdəbəli səyahət: Antarktida
2026-cı ilin ən trend istiqamətlərindən biri məhz Antarktida olacaq. Müasir buzqıran gəmilər və buzlu qitənin kənarında açılan lüks hotellər sayəsində dünyanın "son nöqtəsi" artıq daha əlçatan və konfortludur.
Günəş və dəniz sevənlər üçün
Türkiyə (Antalya): Turkuaz suları və yüksək səviyyəli "hər şey daxil" kurort məkanları ilə Antalya ailəvi istirahətin lideri olaraq qalır.
Yunanıstan (Peloponnes): Kinosevərlər üçün "The Odyssey" filminin çəkildiyi bu yarımada antik dövrün ruhu ilə müasir lüksü birləşdirir.
Zənzibar (Tanzaniya): Ekzotik çimərlikləri və UNESCO irsi sayılan qədim şəhəri ilə bura tropik cənnət axtaranların ilk seçimidir.
Təbiətdən zövq almaq istəyənlər üçün
Tələsmədən, təbiətin ruhunu hiss etmək istəyənlər üçün ABŞ-ın Hudson Valley (Nyu-York) meşələri və Yaponiyanın Nikko Milli Parkı ideal seçimlərdir. Burada şəlalələr, isti bulaqlar və qədim məbədlər arasında tam hüzur tapa bilərsiniz.
Qastronomik səyahət: Sonoma və Mayorka
Sonoma (Kaliforniya): Dünyanın yeni kulinariya paytaxtı sayılan bu bölgə özünün özəl şərabları və təsərrüfatdan masaya ("farm-to-table") konseptli restoranları ilə tanınır.
Mayorka (İspaniya): 2026-cı ilin avqustunda baş verəcək günəş tutulmasını izləmək üçün Mayorkanın "clifftop" hotelləri unikal "Səma bayramı" təşkil edir.
Telegram kanalımız