AZ

Bayram sevinci və yaranan TƏHLÜKƏ – Məsuliyyəti kim daşıyır? 

Yeni il gecəsi paytaxtda və ölkənin bir sıra bölgələrində baş verən yanğın hadisələri hər il olduğu kimi bu dəfə də ciddi suallar doğurdu.

Yanvarın 1-nə keçən gecə Bakının müxtəlif ərazilərində həm süni yolkaların, həm də təbii ağacların yanması faktları qeydə alınıb. İlkin məlumatlara görə, yanğınların əsas səbəbi bayram münasibətilə nəzarətsiz şəkildə istifadə edilən fişəng və pirotexniki vasitələr olub. Bu cür hallar isə “Məsuliyyət kimdədir?” sualını yenidən gündəmə gətirir.

NOCOMMENT.az xəbər verir ki, baş verən bu tip hadisələr təsadüfi deyil və əsasən təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlıdır. Xüsusilə çoxmənzilli binaların həyətlərində, park və istirahət zonalarında fişənglərin icazəsiz və nəzarətsiz buraxılması həm insanların həyatı, həm də əmlak üçün real təhlükə yaradır.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan təhlükəsizlik üzrə ekspert Kamil Məsiyev bildirib ki, yeni il gecəsi baş verən yanğın hadisələrinə görə məsuliyyət bir neçə tərəfin üzərinə düşür.

Onun sözlərinə görə, ilk növbədə pirotexniki vasitələrdən istifadə edən vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etməlidirlər:

“Azərbaycan qanunvericiliyinə əsasən, pirotexniki məmulatların istifadəsi yalnız xüsusi icazə ilə və müəyyən olunmuş ərazilərdə mümkündür. Fişəngləri yaşayış binalarının yaxınlığında, ağacların altında və ya insanların sıx toplaşdığı yerlərdə buraxmaq qadağandır. Bu qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyət daşıyırlar”.

Ekspert qeyd edib ki, məsuliyyət təkcə vətəndaşların üzərində bitmir.

Onun fikrincə, yerli icra hakimiyyətləri və bələdiyyələr də bayram günlərində nəzarəti gücləndirməli, riskli ərazilərdə qabaqlayıcı tədbirlər görməlidir:

“Yeni il ərəfəsində parklar, meydanlar və yaşayış massivlərində yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilməli, xüsusilə yolkaların quraşdırıldığı ərazilərdə mühafizə və nəzarət təşkil olunmalıdır. Əgər süni və ya təbii yolka düzgün yerləşdirilməyibsə, yanğına davamlı materiallardan istifadə olunmayıbsa, bu da məsuliyyətsizlikdir”.

Kamil Məsiyev əlavə edib ki, bəzi hallarda ticarət obyektləri də məsuliyyətdən kənarda qalmır:

“Bazarda satılan pirotexniki vasitələrin bir qismi sertifikatsız və təhlükəsizlik standartlarına cavab vermir. Bu məhsulların satışına nəzarət edən qurumlar bayram öncəsi daha sərt tədbirlər görməlidirlər. Sertifikatsız məhsullar həm yanğın riskini artırır, həm də ciddi xəsarətlərə səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, baş verən yanğınlar bir daha göstərir ki, bayram əyləncəsi təhlükə hesabına olmamalıdır:

“Yeni il sevinci bir neçə dəqiqəlik fişəng naminə insanların həyatını və şəhərin yaşıllığını riskə atmağa dəyməz. Hər kəs bilməlidir ki, ehtiyatsızlıq yalnız maddi ziyanla deyil, ağır faciələrlə də nəticələnə bilər”.

Seçilən
22
nocomment.az

1Mənbələr