AZ

Kuba uçurumun kənarında...

Adadakı iqtisadi böhranı harada dayanacaq?..

Müəllif: Michael J. Bustamante, Mayami Universitetində Kuba və Kuba-Amerika Tədqiqatları üzrə kafedrasının müdiri
Foreign Affairs nəşri

2014-cü ildə Obama administrasiyası ilə Kuba hökuməti diplomatik münasibətlərin bərpası barədə razılaşmanı elan etdikdən sonra dünya Qavanaya üz tutdu. Rolling Stones qrupundan tutmuş potensial investorlaradək hamı adanın gələcəyində öz yerini tutmağa tələsirdi. Uzun illər müdafiə naziri olmuş, bir neçə il əvvəl xəstə böyük qardaşı Fidel Kastrodan hakimiyyəti təhvil alan Raul Kastro mülayim iqtisadi islahatlara start verdi: xırda özəl biznesə daha geniş icazə verildi, xarici investisiyalar üçün qaydalar yumşaldıldı, şişirdilmiş dövlət aparatının ixtisarına başlanıldı. ABŞ ilə münasibətlərin normallaşması və ölkə daxilində aparılan actualización, yəni “yenilənmə” (Kuba Kommunist Partiyasının ifadəsi ilə) birlikdə adanın XXI əsrə daxil olmasına kömək edə biləcək kimi görünürdü.

Təəssüf ki, Kuba bu ümidləri dramatik şəkildə doğrultmadı. Son beş ildə ölkəni bir milyondan çox insan tərk edib. Bu, hər on kubalıdan birindən çox deməkdir. və onların əsas istiqaməti ABŞ olub. Bu gün prezident Migel Dias-Kanelin dövründə ada Sovet İttifaqının dağılmasından bəri ən ağır iqtisadi böhranı yaşayır. 2020-ci ildən bəri ÜDM 11 faiz azalıb. Elektrik şəbəkəsi dağılma həddinə çatıb. Güc strukturları hökumət əleyhinə etirazları sərt şəkildə yatırır. Oktyabr ayında “Melissa” qasırğası adanın şərqini viran qoydu, təxminən 90 min evə və 250 min akr kənd təsərrüfatı torpağına ziyan dəydi. İndi isə buna denge və ağcaqanadlar vasitəsilə yayılan digər virusların epidemiya miqyasına çatan yayılması da əlavə olunub.

Kubanı bürüyən bu faciə qismən xarici şokların nəticəsidir. Bunlardan biri də 2016-cı ildə ABŞ-də Donald Trampın seçkilərdə qələbəsi oldu. Vəzifəyə gəldikdən sonra Tramp sələfinin ləğv etdiyi bir çox sanksiyanı bərpa etdi. 2019–2020-ci illərdə ada ilə hava əlaqəsi, pul köçürmələri və səfərlər kəskin şəkildə məhdudlaşdırıldı. 2021-ci ildə isə Kuba yenidən terrorizmin sponsoru olan dövlətlər siyahısına salındı. Əsas səbəb ABŞ ədalətindən qaçan bir neçə şəxsin adada sığınacaq tapması idi. Prezident Co Bayden bu məhdudiyyətləri yalnız qismən yumşaltdı, Tramp isə ikinci müddətində onların bir hissəsini yenidən bərpa etdi. Bu arada COVID-19 pandemiyası adanın turizm sektorunu demək olar ki, məhv etdi. Üstəlik, Tramp administrasiyasının Venesuela prezidenti Nikolas Maduronun devrilməsi üçün təzyiqləri artırması fonunda Kubaya venesuelalı neft tədarükünün daha da azalması ehtimalı var ki, bu da Qavanın ən vacib iqtisadi və geosiyasi tərəfdaşını itirməsi ilə nəticələnə bilər.

Lakin hazırkı böhran böyük ölçüdə Kuba hökumətinin öz qərarlarının nəticəsidir. Raul Kastronun islahatlarına baxmayaraq, hakimiyyət mərkəzləşdirilmiş planlaşdırma modelindən qəti şəkildə imtina etməyə cəsarət etmədi. Özəl sektorun genişlənməsi fasilələrlə baş verdi, uğursuz pul-kredit siyasəti isə kəskin inflyasiyaya yol açdı. Hakimiyyət eyni zamanda birpartiyalı sistemdə ciddi dəyişikliklərdən yayınmağa davam etdi. Nəticədə ada iqtisadiyyatı kövrək və çevik olmayan vəziyyətdə qaldı, Vaşinqtonda Qavana ilə yaxınlaşmaya olan əvvəlki həvəs isə skeptisizm, düşmənçilik və ya laqeydliklə əvəz olundu.

Kubanı parlaq gələcək gözlədiyinə inanmaq çətindir. Hazırda 94 yaşında olan və hələ də “kölgə fiquru” rolunu oynayan Raul Kastronun siyasi səhnədən getməsi ilə 1959-cu il Kuba inqilabını formalaşdırmış son nəsil də tarixə qovuşacaq. Ancaq indiki bataqlıqdan çıxmaq üçün yeni lider nəsli ən azı qısamüddətli ağrılara baxmayaraq dərin iqtisadi liberallaşmaya ciddi şəkildə girişməlidir. Ölkəni həqiqətən düzgün yola çıxarmaq üçün isə demokratikləşmə də zəruri olardı. Təəssüf ki, on illik yarımçıq eksperimentlərdən sonra hazırkı rəhbərlik ya adanın problemlərini qətiyyətlə həll etməyə, ya da bu işi bacara bilənlərə nəzarəti verməyə hazır olduğunu demək olar ki, göstərmir.

Çox az və çox gec

“Ya islahat aparacağıq, ya da batacağıq”, — Raul Kastro 2010-cu ildə, hakimiyyətə gəlişindən dörd il sonra demişdi. Kuba sosialist sistemi postsovet dövrünün ən ağır mərhələsini — yardımın kəskin azalmasını və ÜDM-in üçdə bir enməsini — yaşadı, lakin bərpa yalnız qismən oldu. İqtisadiyyatı möhkəmləndirmək üçün Raul sadə plan təklif etdi: şişirdilmiş dövlət sektorunu yarım milyon işçini ixtisar etməklə kiçiltmək və eyni vaxtda restoranlar, qonaq evləri və digər kiçik biznesləri idarə edən “özünüməşğul” şəxslərin cüzi özəl sektorunu genişləndirmək. Xarici investorlara nəzarət paketlərinə sahib olmaq icazəsi verilməli, dövlət isə idxaldan asılılığı azaltmaq üçün boş qalan torpaqları özəl fermerlərə ötürməli idi — o vaxt ölkə ərzağının 70 faizini idxal edirdi.

Kubanı yaxşı tanıyan iqtisadçılar tezliklə planın qüsurlarını göstərdilər. Özünüməşğulluq üçün icazə verilən 200-dən çox fəaliyyət növünün siyahısı gülünc dərəcədə sərt tənzimlənmişdi. Dövlət torpağında işləyib məhsulun böyük hissəsini sabit qiymətlərlə paylama sistemi vasitəsilə satmaq, bazarda azad şəkildə satış edən mülkiyyətçi olmaq demək deyildi. Üstəlik, dövlət şirkətləri ədalətsiz üstünlüklərini qoruyurdu: onlar bir Kuba pesosunu bir dollar kimi hesablaya bilirdilər ki, bu da aktivlərini süni şəkildə şişirdir, idxalı isə ucuzlaşdırırdı. Özəl şəxslər isə pesonu dövlət banklarında dollara 24-ə bir nisbətində dəyişməli idilər. Bununla belə, bir çoxları nikbin idi. O illərdə Kubaya səfər dəyişiklik küləklərini hiss etdirmək demək idi: kiçik bizneslər açılır, Kanada və Avropadan turistlər axınla gəlir, müstəqil jurnalistika, akademik təhlil və vətəndaş debatlarına dözümlülük genişlənirdi.

Bunu ABŞ prezidenti Barak Obama da gördü. 2014-cü ilin sonundakı diplomatik sıçrayışdan əvvəl belə, onun administrasiyası amerikalılara “Kuba xalqını dəstəkləyən” qrup turları çərçivəsində adaya səfərə icazə verdi. Kuba diasporunun nümayəndələri ailələrini ziyarət edir, gətirdikləri milyonlarla dollar köçürmə kiçik biznes üçün başlanğıc kapitalına çevrilirdi. Münasibətlər bərpa olunduqdan sonra aviaşirkətlər birbaşa kommersiya reysləri açdı, kruizlər, fərdi səfərlər və ABŞ-Kuba ticarət embarqosundan yeni istisnalar yarandı. Təkcə 2016-cı ildə Mayami beynəlxalq hava limanından adaya 580 mindən çox ABŞ və Kuba pasportu sahibi — yəni kuba-amerikalı — uçmuşdu.

Lakin eyforiya fonunda tezliklə aydın oldu ki, Qavana fürsətdən istifadə etməyə hazır deyil. ABŞ investorları Kuba hakimiyyətinin əvvəlcədən təsdiqlənmiş layihələrdə israr etdiyini gördülər və nəticədə ciddi kommersiya razılaşmaları az oldu. Kuba rəhbərliyində sərt xətt tərəfdarları Obamanın nikbin ritorikasını arzuolunmaz siyasi dəyişikliklər gətirəcək “Troya atı” kimi qəbul edirdi. Bazaryönlü islahatların dərinləşdirilməsi çağırışları cavabsız qaldı — partiya liderləri nəzarətdən çıxa biləcək iqtisadi qüvvələri azad buraxmaqdan qorxurdular.

Pis vəziyyətdən daha pisinə

Bu uzaqgörənliyin olmaması səbəbindən 2016-cı il ABŞ seçkilərindən sonra Tramp administrasiyasının kursu dəyişməsi qarşısında ciddi maneə qalmadı. Tramp ilk müddətinin altı ayı tamam olmamış Obamanın “bir tərəfli Kuba razılaşmasını” ləğv etdiyini elan etdi. ABŞ turistlərini daşıyan kruiz gəmiləri hələ də Kuba limanlarına girirdi, lakin amerikalılara müstəqil səfərlər və hərbçilərə məxsus çoxsaylı hotellərdə qalmaq qadağan edildi. Tezliklə mediada ABŞ diplomatlarının “Qavana sindromu” adlandırılan müəmmalı sağlamlıq problemləri barədə xəbərlər yayıldı. Cavab olaraq Vaşinqton ABŞ konsulluğunu bağladı və kubalıların ABŞ-yə qanuni miqrasiyasını faktiki olaraq dayandırdı.

2019-cu ildə ABŞ siyasəti daha da cəzalandırıcı oldu. Tramp “people-to-people” qrup səfərləri üçün ümumi lisenziyanı ləğv etdi, kubano-amerikalıların pul köçürmələrini rübdə 1000 dollarla məhdudlaşdırdı. Administrasiya həmçinin 1996-cı il Helms-Berton qanununun uzun illər tətbiq olunmayan III bölməsini işə saldı və ABŞ və xarici şirkətlərə qarşı 1960-cı illərdə müsadirə edilmiş mülklərdən “istifadəyə” görə məhkəmə iddialarına icazə verdi. Bu, xarici investisiyaları dərhal soyutdu. 2020-ci ilin əvvəlində Ağ Ev Qavana istisna olmaqla Kuba şəhərlərinə reysləri qadağan etdi və Western Union-un Kuba hərbçilərinə məxsus maliyyə strukturu ilə əməkdaşlığını blokladı. Humanitar nəticələrə məhəl qoymadan bu addımlar Kuba və Venesuelaya qarşı “maksimum təzyiq” kampaniyasının tərkib hissəsi kimi təqdim olundu, o cümlədən Venesuela neft tədarükünə sanksiyalar adanın enerji təminatını daha da zəiflətdi.

Sonra pandemiya gəldi. Turizm yox oldu, Kuba ÜDM-i on faiz azaldı. Bu, 2018-ci ildə Raul Kastro tərəfindən varis seçilən, Kastro ailəsindən olmayan ilk lider — Dias-Kanel üçün ağır sınaq idi. Lakin o, çətinliklərə dövlət nəzarətini gücləndirməklə cavab verdi, o cümlədən özünüməşğulluq lisenziyalarının verilməsini bir ildən çox müddətə dondurdu. Valyuta gəlirləri azaldıqca dövlət köçürmələrin daha böyük hissəsini öz nəzarətinə almağa çalışdı və dollara bağlanmış yeni rəqəmsal “sərbəst konvertasiya olunan valyuta” (MLC) ilə idxal malları satan dövlət mağazaları açdı. Əslində isə bu valyuta sərbəst deyildi: MLC hesablarına köçürülən dolları nağd çıxarmaq mümkün deyildi və bu, valyuta bazarını daha da parçalayırdı.

Nəhayət, Dias-Kanel və ətrafı bu yanaşmanın işləmədiyini anladı. 2020-ci ilin yayında yeni strategiya elan edildi. Özəl sektor üçün icazə verilən fəaliyyətlərin dar siyahısı əvəzinə qadağan olunanların siyahısı tətbiq olundu — qalan hər şeyə icazə verildi. Kiçik və orta özəl müəssisələrin leqallaşdırılacağı və “özünüməşğulluq” çərçivəsindən kənara çıxılacağı bildirildi. Nəhayət, hakimiyyət valyutaların və məzənnələrin birləşdirilməsinə razılaşdı. Dövlət və özəl sektor üçün ayrı-ayrı kurslar bir vaxtlar hökumətə postsovet şokunu aşmağa kömək etsə də, zamanla ciddi uçot təhrifləri yaratmış və idxaldan asılılığı gücləndirmişdi.

Lakin islahatların icrası və ardıcıllığı fəlakətli oldu. Özəl sektor əvvəlcə genişləndirilmədən, 2021-ci ilin əvvəlində kurslar 24 peso = 1 dollar səviyyəsində birləşdirildi. Birə-bir kursa öyrəşmiş dövlət müəssisələri üçün bu, idxal qiymətlərinin sıçrayışı demək idi. Dövlət maaşlarının eyni vaxtda artırılması inflyasiyanı alovlandırdı: bazarda çoxlu peso, az mal vardı. Artan büdcə kəsirini maliyyələşdirmək üçün pul çapı vəziyyəti daha da ağırlaşdırdı. Dövlət idxalı dollarla rəqəmsal valyutada satmağa davam etdi, bu isə birləşmənin məntiqini sarsıtdı və hökumətin çatışmayan dollarlarına tələbi artırdı. Qeyri-rəsmi valyuta bazarı genişləndi və 2021-ci ilin sonuna doğru peso rəsmi 24-ə bir kursa baxmayaraq, bazarda 100-ə bir səviyyəsində ticarət olunaraq 75 faiz dəyər itirdi.

Nəticədə siyasi legitimlik böhranı yarandı. Bu, xüsusilə 2021-ci ilin yayında, Kubanın COVID-19-la mübarizədəki uğuru bitib “delta” variantı ölkəni bürüyəndə aydın göründü. Sosial şəbəkələrdə dolu xəstəxanalar və ölənlərin cəsədlərini əks etdirən görüntülər yayıldı. “Patria y Vida” (“Vətən və həyat”) adlı etiraz himninin təsiri və canlı yayımlar sayəsində 11 iyul 2021-ci ildə 50-dən çox şəhərdə kubalılar küçələrə çıxaraq yemək, dərman və azadlıq tələb etdilər. Hökumət həmin gün sərt repressiyalarla cavab verdi. Min nəfərdən çox insan həbs olundu, yüzlərlə şəxs vandalizm, ictimai asayişin pozulması və üsyan ittihamları ilə uzunmüddətli həbs cəzaları aldı.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
92
40
poliqon.info

10Mənbələr