Nizami rayonunun Rüstəm Rüstəmov küçəsi, ev 68 ünvanında yerləşən yaşayış binasının sakinləri iki gündür ki, istiliksiz qalıblar.
Qışın soyuq günlərində baş verən bu problem xüsusilə bayram günlərində sakinlərin narazılığına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, binada yaşayan Elxan Hüseynli Musavat.com-a müraciət edərək bildirib ki, 60 mənzildən ibarət binanın bütün sakinləri bayramı soyuq evlərdə qarşılamaq məcburiyyətində qalıblar.
Onun sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara məlumat verilsə də, problem aradan qaldırılmayıb.
Məsələ ilə bağlı 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Bəhrəm Qarayev Musavat.com-a açıqlamasında bildirib ki, problem 61 saylı qazanxanadan təchiz olunan istilik xəttində yaranmış qəza ilə bağlıdır.
Onun sözlərinə görə, Rüstəm Rüstəmov küçəsi boyunca yerləşən yaşayış binalarını istiliklə təmin edən 219 mm-lik istilik xəttində dünən axşam saatlarında güclü su axıntısı müşahidə olunub.
“Su axıntısının qarşısını almaq üçün bütün qüvvələrimiz səfərbər edilib. Lakin istilik xəttinin ətrafında müxtəlif tikililərin və iaşə obyektlərinin olması qəza yerinin dəqiq müəyyənləşdirilməsində çətinliklər yaradıb. Buna baxmayaraq, axıntı yeri artıq müəyyən edilib. Hazırda işçi qüvvəsi cəlb olunub və qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir”, - deyə B.Qarayev qeyd edib.
Qurum rəsmisi bildirib ki, qısa müddət ərzində qəzanın tam aradan qaldırılması və binaların istiliklə təminatının bərpası nəzərdə tutulur.
Qeyd edək ki, su axıntısı “Xan çinarı” adlanan restoranın girişində baş verib.
Telegram kanalımız