Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib.
“İki sahil” xəbər verir ki, “RİA Novosti”, TASS, “Vesti Kavkaza”, “İnterfaks” agentlikləri, “360” televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur.
Medianın materiallarında Prezident İlham Əliyevin Azərbaycanın tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi diqqətə çatdırılır, Avropa və Asiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun inkişafının vacibliyi xüsusi qeyd edilir.
Xəbər resursları dərc etdikləri yazılarda Azərbaycan liderinin regionda xarici siyasət çağırışlarına dair mövqeyinə, suverenliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyinə diqqət yetirirlər. Media qurumları Prezident İlham Əliyevin 907-ci düzəlişin tamamilə ləğv edilməsinin vacibliyi ilə bağlı fikirlərini, eləcə də ikitərəfli münasibətlərin əsas aspektləri və regional təşəbbüslər barədə mövqeyini sitat gətirirlər.
Ümumilikdə, Rusiya mediası Azərbaycanın regional və beynəlxalq proseslərdə strateji rolunu vurğulayır, Prezident İlham Əliyevin müsahibəsini geniş şəkildə işıqlandırır və onun bəyanatlarını rəsmi Bakının ardıcıl, müstəqil və fəal xarici siyasətinin təzahürü kimi qiymətləndirir.