Qahirə, 7 yanvar, AZƏRTAC
44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra yaranan yeni siyasi reallıqlar fonunda ABŞ-ın “Azadlığa dəstək aktı”na daxil edilmiş 907-ci düzəliş artıq məntiqi və siyasi əsasını itirib. Uzun illər ərzində Azərbaycana qarşı böyük ədalətsizlik nümunəsi olan 907-ci düzəliş məsələsində də vəziyyətin dəyişməsi Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra mümkün olub. Bu kontekstdə ABŞ Konqresi tərəfindən 1992-ci ildə ölkəmizə qarşı qəbul edilmiş və Azərbaycana birbaşa dövlət yardımını qadağan edən ədalətsiz 907-ci düzəlişin hələ də tamamilə ləğv olunmaması regionla maraqlanan xarici siyasi və iqtisadi ekspertlər üçün də haqlı suallar doğurur.
Bu barədə AZƏRTAC-a müsahibə verən Misirin Avrasiya Ərəb Araşdırmalar mərkəzinin (CAES) Türkiyə və İran araşdırmaları sektorunun müdiri Qada Qandil qeyd edib ki, ABŞ Konqresinin “Azadlığı müdafiə aktı”na qəbul etdiyi 907-ci düzəlişin, xüsusilə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmağa başladığı bir mərhələdə qüvvədə qalması və ya tamamilə ləğv edilməsinin gecikməsi Azərbaycana təzyiq faktoru kimi dəyərləndirilə və inamsızlıq yarada bilər.
Misirli ekspert 907-ci düzəlişin ləğvini regionda davamlı sülhün yaranmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verə biləcək əsas element adlandırırb. O bildirib ki, hazırkı mərhələ Cənubi Qafqazın yenidən formalaşdırılması üçün bir fürsətdir. Azərbaycanla Ermənistan arasında logistika dəhlizlərin açılması və ticarətin bərpası regional iqtisadiyyatı gücləndirə, diplomatik nüfuz alətlərini yarada bilər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə