Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü
Azərbaycan-ABŞ münasibətlərinin tarixində ən ziddiyyətli və ədalətsiz səhifələrdən biri şübhəsiz ki, 907-ci düzəlişlə bağlıdır. 1992-ci ilin oktyabrında qəbul edilən bu düzəliş nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan reallıqlara uyğun deyildi. Həmin dövrdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri artıq Ermənistan tərəfindən işğal edilmişdi. Şuşa və Laçın işğal altında idi, Xocalı soyqırımı törədilmişdi, Azərbaycan xalqına qarşı açıq hərbi cinayətlər həyata keçirilmişdi.
Belə bir şəraitdə Azərbaycanın guya Ermənistanı “blokadaya alması” iddiası tamamilə absurddur. Ermənistanın Gürcüstan və İranla sərhədləri açıq idi, Türkiyə-Ermənistan sərhədi isə yalnız 1993-cü ildə bağlanmışdı. Bu faktlar 907-ci düzəlişin qəbulunu beynəlxalq ədalət prinsiplərinin açıq şəkildə tapdanması kimi göstərir. Qərar, erməni lobbisinin ABŞ Konqresindəki təsir imkanlarının və senatorlar ilə konqresmenlərin siyasi iradəsinin nəticəsi idi.
Diqqət çəkən məqamlardan biri də budur ki, bu düzəlişin qəbulunda fəallıq göstərən şəxslərdən biri sonradan ABŞ-ın vitse-prezidenti, daha sonra isə prezidenti olmuş Co Baydendir. Bu fakt Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərinin niyə arzuolunan səviyyədə olmadığını izah edir. Xüsusilə Bayden-Blinken administrasiyası dövründə münasibətlər faktiki olaraq böhran mərhələsinə daxil oldu.
907-ci düzəlişin ən ağır nəticələri Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf etdi. O dövrdə ölkə ağır iqtisadi vəziyyətdə idi, dövlət xəzinəsi boş, valyuta ehtiyatları yox dərəcəsində, minlərlə məcburi köçkün isə çətin şəraitdə yaşayırdı. Belə bir vaxtda ABŞ yardımlarından məhrum olunmaq həm siyasi, həm də praktik baxımdan ağır zərbə idi.
Uzun illər aparılan diplomatik səylər yalnız 11 sentyabr 2001-ci il hadisələrindən sonra nəticə verdi. ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatları fonunda Azərbaycanın nəqliyyat, logistika və təhlükəsizlik baxımından strateji əhəmiyyəti 907-ci düzəlişin prezident imzası ilə dayandırılmasına səbəb oldu. Lakin Əfqanıstandakı missiyanın uğursuz şəkildə başa çatmasından sonra Bayden administrasiyası bu dayandırmanı yenidən aradan qaldırdı. Bu addım bir daha göstərdi ki, həmin administrasiya üçün müttəfiqlik anlayışı situativ maraqlarla ölçülür.
Yeni mərhələ isə Tramp administrasiyasının hakimiyyətə qayıdışı ilə başladı. Bu dövrdə Amerika-Azərbaycan münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün 907-ci düzəlişin formal əsasının – guya Ermənistanın blokadada saxlanılması iddiasının – tamamilə əsassız olduğu açıq şəkildə görünür. Hazırda Azərbaycan ərazisindən Ermənistana yüklər daşınır, yollar açılıb, hətta Azərbaycan neft məhsulları Ermənistana ixrac olunur.
Bu reallıqlar fonunda 907-ci düzəliş yalnız keçmişdən qalma siyasi qalıq və hüquqi absurddur. ABŞ Konqresi, xüsusilə Respublikaçılar Partiyasının üzvləri bu tarixi ədalətsizliyə son qoymalı, düzəlişi birdəfəlik ləğv etməlidir. Bu addım təkcə Azərbaycan-ABŞ münasibətlərinin deyil, eyni zamanda beynəlxalq ədalət və siyasi dürüstlüyün bərpası baxımından mühüm əhəmiyyət daşıyacaq.