NATO-da ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiyaya mümkün hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə iki mərhələli diplomatik hücuma başlanılıb. Məlumata görə, NATO-ya üzv ölkələrin səfirləri Arktika bölgəsində müdafiə xərclərinin artırılmasını, daha çox hərbi texnikanın bölgəyə yerləşdirilməsini və hərbi təlimlərin sayının çoxaldılmasını təklif ediblər. Dövlətlər hesab edirlər ki, bu addımlar Trampı regionun kifayət qədər qorunduğuna inandırmaq üçün vacibdir. Məlumatı isə "Politico" qəzeti yayımlayıb. Ötən günlərdə isə NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, Qrenlandiyaya əlavə ABŞ hərbçilərinin yerləşdirilməsi məsələsi müzakirəyə tamamilə açıqdır.
Bəs mümkün gedişat necə ola bilər?
Redaktor.az-a danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, Qrenlandiya böyük güclərin toqquşduğu bir məkana çevrilib:
"Amerika görür ki, müəyyən təzyiqlər etməsə, müəyyən addımları atmasa, Rusiya Qrenlandiya ətrafında və Qrenlandiya üzərində nəzarəti genişləndirə bilər. Çin artıq çox sürətlə yaxınlaşır. Təbii ki, bu, Amerika maraqları üçün çox ciddi təhlükə və təhdiddir. Problemin mahiyyəti burdadır. ABŞ Prezidenti Donald Trampı da, onun administrasiyasını da, Amerikadakı aparıcı qurumları, gücləri, şəxsləri də narahat edən əsas məqam budur.
Elə bil Danimarkanın Qrenlandiyanı qoruyub saxlamaq gücü, potensialı yoxdur. Avropalı müttəfiqlər də görünür ki, zəif davranırlar, NATO da zəif davranır. Tramp Qrenlandiyanı Amerikanın növbəti ştatına çevirəcəyəm kimi hədə-qorxu mesajları ilə təzyiqi artırır. Məqsəd Qrenlandiyada ABŞ-nin hərbi, siyasi, iqtisadi və s. imkanlarını genişləndirmək, tam nəzarətə götürmək və artan Rusiya–Çin təzyiqini neytrallaşdırmaq və tamamilə aradan qaldırmaqdır. Ona görə də Tramp "Qrenlandiya qorunmur" arqumenti ilə çıxış edir".
Politoloq Trampın Qrenlandiyaya birbaşa hərbi müdaxilə ehtimalını o qədər yüksək dəyərləndirmir, yəni bunu ehtimal kimi görmür:
"Nəzarətdən çıxa biləcək situasiyalar yarana bilər və Amerika qəfil qərar verməli olar. Amerikanın bu təzyiqlərindən sonra müttəfiqlər və tərəflər onu dinləməyə məcbur olurlar. Amerikanın imkanları orada genişlənirsə, hərbi müdaxilə ehtimalı zəif ola bilər. NATO çətiri altında və digər situasiyalarda ABŞ oradakı hərbi mövcudluğunu həm genişləndirməyə, həm də legitimləşdirməyə çalışır. Əgər bunlar baş tutarsa, hərbi müdaxilə ehtimalı azalacaq. Gələcəkdə Qrenlandiya enerji, nəqliyyat marşrutları və strateji hərbi nəzarət baxımından qlobal güclərin əsas rəqabət meydanlarından biri olmaqda qalacaq. Hətta bu rəqabət daha da amansız şəkilə gəlib çıxa bilər".
Aytəkin TOFİQQIZI