Bakı, 10 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.