Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri xam neftin hasilat həcmi və ixrac qiymətinin azalması, həmçinin gəlir mənbələrinin daralması fonunda son beş il (2022–2026) ərzində ən aşağı səviyyədə proqnozlaşdırılıb.
Bakıvaxtı.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, fərman layihəsinə əsasən, 2026-cı il üzrə Fondun büdcə gəlirləri 13,032 milyard manat həcmində proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin müvafiq icra göstəricisindən 5, 007 milyard manat və ya 27,8%, 2025-ci ilin təsdiq olunmuş büdcə gəlirindən 1, 420 milyard manat və ya 9,8%, gözlənilən icra göstəricisindən isə 1, 039 milyard manat və ya 7,4% azdır.
Vuerğulanıb ki, 2026-cı il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 65,0 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün 440,0 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyəsində götürülmüşdür. Eyni zamanda, Fondun 2022–2025-ci illər üzrə gəlir proqnozları ilə müqayisədə 2026-cı il üçün gəlirlərin həcmi həmin dövr ərzində ən aşağı səviyyədə proqnozlaşdırılıb.
“Cari ilin 9 ayı üzrə Fondun büdcə gəlirlərinin 90,5%, büdcə xərclərinin isə 74,6% icra olunması, müvafiq tarixə xam neftin orta satış qiymətinin (71,4 ABŞ dolları) proqnozlaşdırılan (70,0 ABŞ dolları) məbləğdən 1,4 ABŞ dolları yuxarı olması, Fondun vəsaitlərinin idarəedilməsindən gəlirlərin büdcədə nəzərdə tutulandan (2036,6 mln. ABŞ dolları) 151,2% icra edilməsi , neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş dividend məbləğinin (396,2 mln. manat) daxil olmamasına baxmayaraq Fondun aktivlərinin dəyəri cari ilin əvvəli ilə müqayisədə (60 031,4 mln. ABŞ dolları) 16,9% artaraq 70 161,8 mln. ABŞ dollarına (büdcədənkənar gəlirlər nəzərə alınmaqla 10 130,4 mln. ABŞ dolları) çatmasına şərait yaratmışdır. Fondun gəlir və xərclərinin 9 aylıq icra göstəricilərinin yüksək olmasına və xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnoz göstəricilərini üstələməsinə baxmayaraq, Razılaşma Protokolu üzrə 209,4 mln. manat, neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendlər üzrə 396,2 mln. manat vəsaitin daxil olmaması, həmçinin tranzit gəlirlərinin proqnozdan geri qalması nəticəsində Fondun 2025-ci ilin sonuna gözlənilən ümumi daxilolmaları üzrə 381,3 mln. manat azalma proqnozlaşdırılır”, - məlumatda qeyd edilib.