Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.
Qaçaq Nəsimi
Bu dəfə ağ xalatlı sanitarlar yox, qara pışiklər açdı, araladı cırıltılı qapını,
Bu dəfə uzun soyuq dəhlızdə anan yox, küləklər, şeytanlar pıçıldadı
Adını...
Daraqdan yaxşi daradı bu dəfəki dəli külək.
Vız saçlarını...
Araladı açılmaz düyünlü qaşlarıni...
Araladı kor divarların qara daşlarını...
İndi o qara pışikdən,
Divardakı dəlikdən soruşun
Hadisələrin ardını...
Bilirəm, indidən görürəm o qara pışiyin
Məhşər gününəcən səndən ayrılmayacağını!
Divardakı dəliyi drellə qazanacan,
Bütün rəqəmləri xərclədi
Qapındakı işıq sayğacı!
Çatımızın, saytımızın admini...
Ziyalılarımızın ən aydını,
qışqırdılar sosial şəbəkələrdə: "Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı!!!"
AzTV-də səninçün darıxan ağlağan telekameranı
Göndərəcəm çəksin təkadamlıq dustaq kameranı.
Vaxtilə, 1973-cü ildə Nəsimi Nəbizadənin atası,
eynəyini gözünə taxdı,
"Nəsimi" filminə baxdı,
Adı
beşikdəki övladına seçdi
bu faciəli baxtı...bu adı...
Sonra onu bu adın, bu filmin dəli hökmünə buraxdı...
Ahhh...bax, bu saçı ağardıqca
sifəti qaralan azərbaycanlılar...
Növbəti Nəsiminin qiymətini,
axşam bazarının ucuz qiymətləriylə hesabladılar...
Səni qul kimi, gül kimi satdılar....
Səni qazamatdan əvvəl reabilitasiya mərkəzinə saldılar...
Orda səni sələfi, fetoçu, nurçu mollalarla darıxdırdılar...
Axırda Nəsimi Nəbizadənı öz kayfından ayıltdılar,
Nəsimiyə, Koroğlunun bu acı misrasını xatırlatdılar:
- Həmzə, incitmə Qıratı...
Əvvəl Bakı küçələrindəki bütün yiyəsiz köpəklər çipləndi...
Sonra oğrulara elektron bilərziklər geyindirildi...
Ancaq kimsə qaçıb bu kütləvi çiplənmədən gizləndi...
Elə ki, növbə gəlib çatdı reabilitasiya mərkəzlərinə,
Ordakı taleyi tərslərə,
Nəsimi Nəbizadəyə,
O öz Nəsimi adına, öz "Nəsimi" filminə qayıtdı...
Atdı çiynindən ağır tale çadrasını.
Əla!
Valla!
Çaldın bu əclaflarin halvasını!
Pozdun kayfını...
Alqışlayıram zəmanəmizin yeni, modern qaçağını!
Baş ucalığını,
Qaş ucalığını!
Təbrizdə
Gümüş üzüklü barmaqlar,
armudu stəkanlara toxunursa...
Qorxa-qorxa.
Ancaq bunda hələ ki musiqi yoxdursa...
Avtomobil təkərlərini bəzəyən
əlvan qapaqlar,
küçələrdəki cəsədlərnizə
güzgü tutursa,
dünyanı ancaq qorxutmayırsa
"Euronews" telekanalında.
"BBC Farsi" icmalında...
əyninizdəki qanlı paltarlar,
bədəninizin fəqət
bir kasıb qonşusudursa,
eyni zamanda...
Həyat bu gecəni
qara qəbirdaşı kimi yonubsa,
valla, sənin adına...
hamı səni unudubsa...
dostlar əlin dizinə
vurubsa,
lap axırda...
Doğma atanın üzünə söyürsə bir vələdüzzina...
Məhəmmədrza Pəhləvınin oğlu,
daş atırsa bir qarının toyuğuna,
"Haqqın. az" saytı,
onun bir milyon qeqabaytı
Pəhləvini daim tirajlayırsa...
Qan dolubsa ovcuna...
İlon Maskın "Starlink" interneti səni almırsa
öz dostluğuna...
Ancaq İranın tabutunu yonacaq rəndə,
Yenə səndədir, Təbrizdədi,
Təbrizdə.
Səndədir bütün başları əzəcək
Ən ağir
Həvəngdəstə!