Qarabağ Dirçəliş Fondunun “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin “A” qrupu üzrə çıxış edən “Balakhani Operating Company LTD”-nin futbol komandası həftəsonu qrupdakı rəqibləri “Azerbaijan Coca-Cola Bottlers” komandası ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, Balaxanı neftçiləri üstün oyun nümayiş etdirərək rəqiblərinin qapısına 10 qol keçiriblər. Onlardan 4-nü komanda üzvü Rauf Əliyev vurub. Beləliklə, “Balakhani Operating Company LTD”-nin futbol komandası “A” qrupunda mövqeyini gücləndirib.
Dekabr ayında keçirilən püşkatma mərasimində turnirə qatılan 40 komanda hər birində 10 heyət olmaqla 4 qrupa bölünüb. “A” qrupunda çıxış edən digər şirkətlər arasında “Azercell”, “Pasha Real Estate”, “McDonalds Azərbaycan” da var. Balaxanı neftçilərinin növbəti oyunu Azercell komandası ilə gözlənilir.
Xatırladaq ki, bu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən “Dirçəliş Kuboku”nun ikinci mövsümüdür. Xeyriyyə turnirinin bu dəfəki mövsümündə iştirak edən komandalar tərəfindən Fonda ümumilikdə 115.000 manat vəsait ianə edilib. Əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönləndiriləcək.
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılış mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən təmsil olunan şirkətlərə “Təşəkkürnamə”lər təqdim edilib.