AZ

Ölkənin neft proqnozlarında niyə “xətalar” qeydə alınır? – ekspert

Azərbaycanda iqtisadi qurumların neft-qaz üzrə proqnozlaşdırma göstəricilərində ciddi uyğunsuzluqlar müşahidə olunur. Banker.az xəbər verir ki, bunu neft sahəsi üzrə ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, ötən ilin oktyabrında Milli Məclisə təqdim edilən büdcə zərfində 2025-ci il üzrə neft və kondensat hasilatı 28.5 mln ton proqnozlaşdırılmışdı. Energetika Nazirliyinin açıqlamasına əsasən isə faktiki hasilat 27.7 mln ton təşkil edib. Beləliklə, proqnozla faktiki göstərici arasında 800 min ton fərq yaranıb.

“2026-cı il üçün ölkə üzrə neft hasilatı 27.6 mln ton səviyyəsində proqnozlaşdırılmışdı. Yəni hasilatın azalması gələn ilə aid edilsə də, bu azalma artıq 2025-ci ildə baş verib. İlin 9 ayının nəticələri əldə olduğu halda cəmi 1 rüb üçün belə ciddi xəta yaranması proqnozlaşdırma mexanizminin zəifliyini göstərir”, – deyə İlham Şaban vurğulayıb.

Ekspert bildirib ki, Hesablama Palatasının (HP) rəyində hasilat üzrə yol verilən xəta daha böyükdür:

“12 yanvarda açıqlanan rəydə Azəri–Çıraq–Günəşli (AÇG) yataqları üzrə 2025-ci ildə 123 mln barel neft hasilatı proqnozlaşdırılıb. Halbuki Energetika Nazirliyinin məlumatına görə, faktiki hasilat 120 mln barel olub. Maraqlısı budur ki, Hesablama Palatası məhz 120 mln barel göstəricisini 2026-cı ilə proqnozlaşdırmışdı”.

İlham Şabana görə, bu faktlar onu təftiş edən qurumun eyni alqoritm üzrə işlədiyini göstərir:

“Əgər Palatanın istəyi olsaydı, rəyə artıq mövcud olan 2025-ci ilin faktiki göstəricilərini daxil edə bilərdi. Çünki hər ay üzrə operativ hasilat məlumatları növbəti ayın əvvəlində artıq mövcud olur”.

Xatırladaq ki, Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinə dair rəyində neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə 2025-ci il üçün 25.4 mln manat məbləğində daxilolma proqnozlaşdırılsa da, hesabat tarixinə faktiki olaraq cəmi 0.004 mln manat vəsait qeydə alınıb.

Rəydə qeyd olunub ki, Rusiya–Ukrayna münaqişəsinin davam etməsi nəticəsində Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu ilə xam neft nəqlinin dayanması səbəbindən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2026-cı ildə bu maddə üzrə daxilolmaların olmayacağını proqnozlaşdırıb. Bu şəraitdə müvafiq gəlir istiqamətinin ARDNF-nin ötən il avqustun 31-nə olan faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılmasının məqsədəuyğun olduğu bildirilib.

Seçilən
52
banker.az

1Mənbələr