Prezident çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə də toxundu. Bu günə qədər ölkəmizə 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi həyata keçirilən siyasətin düzgünlüyünü sübut edir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, valyuta ehtiyatlarının borcu 16-17 dəfə üstələməsi Azərbaycanın maliyyə sabitliyinin göstəricisidir. Beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqinin yüksəldilməsi də ölkəmizə olan etimadın daha da artdığını təsdiqləyir. Bərpaolunan enerji potensialının artması yeni infrastrukturun yaradılmasını da zəruri edir. Prezident İlham Əliyev bu baxımdan ölkə tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sisteminin yaradıldığını bildirdi. 250 meqavatlıq ilk layihə "AzərEnerji" tərəfindən icra olunur və gələcəkdə bu istiqamətdə xarici investorların da cəlb edilməsi planlaşdırılır. 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda artıq 40-a yaxın kiçik su elektrik stansiyasının tikilməsi isə azad edilmiş ərazilərin "yaşıl enerji zonası"na çevrilməsinin bariz nümunəsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31