AZ

Qəzza üzrə Trampın sülh planının ikinci mərhələsinə start verildi

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, yeni mərhələ atəşkəsdən demilitarizasiya, texnokratik idarəetmə və bərpa prosesinə keçidi nəzərdə tutur...

Poliqon xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff X platformasında paylaşdığı açıqlamada Donald Trampın Qəzza üzrə 20 maddəlik sülh planının ikinci mərhələsinin başladığını elan edib. O bildirib ki, bu mərhələ münaqişənin dayandırılmasından sonra bölgədə davamlı sabitliyin təmin olunmasına yönəlib.

Uitkoffun sözlərinə görə, ikinci mərhələ çərçivəsində Qəzza zolağında keçid dövrü üçün texnokratik fələstin administrasiyası — Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitə (NCAG) yaradılacaq. Paralel olaraq, Qəzzanın tam demilitarizasiyasına və genişmiqyaslı bərpa prosesinə start veriləcək. Xüsusilə qeyri-qanuni silahlı qüvvələrin və şəxsi heyətin tam şəkildə tərksilah edilməsi prioritet məqsəd kimi müəyyən edilib.

ABŞ tərəfi HƏMAS-dan üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirməyi, o cümlədən həlak olmuş son girovun nəşinin dərhal qaytarılmasını gözlədiyini bəyan edib. Açıqlamada vurğulanıb ki, bu tələbin yerinə yetirilməməsi ciddi nəticələrə səbəb olacaq.

Xüsusi nümayəndə birinci mərhələnin nəticələrinə də toxunaraq qeyd edib ki, həmin mərhələdə misli görünməmiş humanitar yardım göstərilib, atəşkəs rejiminə əməl olunub, bütün canlı girovlar azad edilib, həmçinin həlak olmuş 28 girovdan 27-nin cəsədi geri qaytarılıb. Bu addımlar prosesin davam etdirilməsi üçün mühüm zəmin yaradıb.

Stiven Uitkoff bəyanatında Misir, Türkiyə və Qətərin vasitəçilik səylərini xüsusi vurğulayıb və indiyədək əldə olunan irəliləyişin məhz bu ölkələrin fəal diplomatik təşəbbüsləri sayəsində mümkün olduğunu bildirib. Onun sözlərinə görə, regional və beynəlxalq əməkdaşlıq Qəzzada uzunmüddətli sülh və sabitliyin əsas şərtidir.

Poliqon.info

Seçilən
101
1
poliqon.info

10Mənbələr