AZ

Rektor: Azərbaycan dili milli kimliyimizin əsas sütunlarından biridir

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan dili milli kimliyimizin əsas sütunlarından biridir. Xalqımızın tarixi yaddaşını, mədəni irsini, mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən ən mühüm vasitə məhz ana dilimizdir. Ona görə də Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda elmi-praktik konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq olunub. Bu, ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsi və onun cəmiyyətin bütün sahələrində tam şəkildə işlədilməsinin təmin olunması baxımından mühüm tarixi hadisədir. Ulu Öndər gənclərimizin öz ana dilinə dərin hörmətlə yanaşmasını daim vurğulayıb, ziyalılarla, ədəbi dil xadimləri ilə keçirdiyi görüşlərdə Azərbaycan dilinin saflığının qorunmasının, onun yad təsirlərdən uzaq saxlanmasının vacibliyini xüsusi qeyd edib. Bu uğurlu və məqsədyönlü dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısı Azərbaycan dilinin qorunması, onun tətbiq dairəsinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi istiqamətində onlarla fərman və sərəncamlar imzalayıb. Qəbul edilən bu mühüm sənədlər dilçilik elminin inkişafına, ədəbi dil normalarının möhkəmlənməsinə, eləcə də ana dilimizin cəmiyyətin bütün sahələrində düzgün və səmərəli istifadəsinə böyük töhfə verib.

“Mediada, təhsildə, elmdə və gündəlik ünsiyyətdə ana dilimizə hörmətlə yanaşmaq, onun imkanlarından düzgün və məsuliyyətli şəkildə istifadə etmək hər birimizin borcudur. Müasir informasiya cəmiyyətində kütləvi informasiya vasitələri, xüsusilə audiovizual media Azərbaycan dilinin işləkliyinin genişləndirilməsində, yayılmasında və ictimai şüurda möhkəmlənməsində mühüm rol oynayır. Televiziya, radio və rəqəmsal platformalar cəmiyyətin geniş təbəqələrinə təsir göstərməklə yanaşı, dilin norma və qaydalarının gündəlik nitqə ötürülməsində əsas vasitələrdən birinə çevrilib. Bu baxımdan audiovizual mediada Azərbaycan dilinin ədəbi normalara uyğun, düzgün və səlis istifadəsi təkcə peşəkar məsuliyyət deyil, eyni zamanda, ictimai və mədəni öhdəlikdir. Media məkanında dil normalarının pozulması, yad dil elementlərinin əsassız şəkildə tətbiqi və nitq mədəniyyətinə laqeyd yanaşma cəmiyyətin dil zövqünə, xüsusilə gənc nəslin dil vərdişlərinə, nəhayət ana dilimizin saflığının qorunmasına mənfi təsir göstərir. Buna görə də audiovizual media dil siyasətinin həyata keçirilməsində mühüm tərəfdaş kimi çıxış etməli, dilin normativliyinin qorunmasına və dil mədəniyyətinin yüksəldilməsinə töhfə verməlidir. Bu sahə həm informasiyanın ötürülməsi, həm də cəmiyyət üçün nümunəvi dil mühitinin formalaşdırılması baxımından xüsusi məsuliyyət daşıyır”, - deyə rektor bildirib.

 

Seçilən
68
azertag.az

1Mənbələr