Audit tövsiyələrinin yalnız yarısı prosedur səviyyəsində icra olunur.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planında bildirilib.
Sənədə əsasən, Kollegiya qərarları üzrə tədbirlərin ümumi icra səviyyəsi 70,4% olsa da, prosedur xarakterli audit tövsiyələrinin icrası cəmi 54,7% təşkil edir ki, bu da audit nəticələrinin tam şəkildə reallaşmadığını göstərir.
Strateji Planda qeyd olunur ki, maliyyə effekti yaradan audit tövsiyələrinin icrası da 80%-dən aşağıdır və bu, dövlət vəsaitlərinin idarə olunmasında auditin real təsirini məhdudlaşdırır. Bununla yanaşı, 2021-ci ildən audit təsirinin ölçülməsinə başlanılıb və 2024-cü il üzrə təhlillər iki və daha çox audit aparılmış qurumların 86,9%-də əvvəlki tövsiyələrin maliyyə intizamını gücləndirdiyini göstərsə də, bu müsbət təsir bütün audit olunan subyektlərdə müşahidə olunmur.
Sənəddə həmçinin vurğulanır ki, audit olunan dövlət vəsaitlərinin maliyyə həcmi məhduddur, bir sıra dövlət qurumlarının informasiya sistemlərinə çıxış imkanları yoxdur və bu amillər auditlərin əhatə dairəsini və dərinliyini zəiflədir. Hesablama Palatası bildirir ki, mövcud boşluqlar dövlət maliyyə nəzarətinin effektivliyinə mənfi təsir göstərir.
Strateji Plana əsasən, növbəti mərhələdə əsas məqsəd audit tövsiyələrinin icrası vasitəsilə dövlət sektorunda xidmətlərin keyfiyyətinin artırılması, büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi və dövlət auditi ilə cəmiyyət üçün yaradılan əlavə dəyərin yüksəldilməsidir.