AZ

“Sirab” suları sağlamlığa təhlükədir? — AQTA açıqladı

Son illər bazarda satılan qazlı suların tərkibi ilə bağlı ictimai müzakirələr artmaqdadır. Xüsusilə diqqət çəkən məqamlardan biri də təbii mineral sularla süni şəkildə qazlandırılan sular arasındakı fərqdir. Məsələn, Təbii “Sirab” kimi məşhur mineral suların bulağından çıxan qazın miqdarı və xarakteri bazarda satılan qazlı sulardakı qaz intensivliyi ilə eyni deyil. Bu isə haqlı olaraq suallar doğurur: Qazlı sulara hansı qazlar vurulur? Bu qazlar təbii mənşəlidirmi, yoxsa texnogen prosesin nəticəsidir? Və ən əsası, bu fərqlilik insan sağlamlığı və ekoloji tarazlıq baxımından hansı riskləri yarada bilər?

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tribuna.az-ın suallarını cavablayıb.
“Demək olar ki, bütün qazlı sularda istifadə olunan qaz karbon dioksiddir (CO₂).
Başqa qazlar (məsələn, azot və ya oksigen) dad, təhlükəsizlik və sabitlik baxımından uyğun olmadığı üçün içməli sularda praktik olaraq istifadə olunmur. CO₂ suda həll olduqda karbon turşusu (H₂CO₃) əmələ gətirir ki, bu, qazlı suya yüngül turş dad, “dil sancması” hissi, həmçinin mikrobioloji davamlılıq verir.
Təbii CO₂ vulkanik bölgələrdə, yeraltı qaz yataqlarında, təbii mineral suların tərkibində mövcuddur. Ona görə də bu sular yerin dərin qatlarından artıq öz-özünə qazlı çıxır. Lakin, qida sənayesində həmçinin texnogen, yəni sənaye mənşəli CO₂-dən də istifadə olunur. Bu karbon qazı ammonyak istehsalından, fermentasiya (spirt, pivə) proseslərindən və təbii qazın emalından əldə olunur. Qida sənayesi üçün CO₂ yüksək dərəcədə təmizlənir, ağır metallar, kükürd birləşmələri və s. tam çıxarılır.
“Sənaye mənşəli” qaz “zərərli” demək deyil. Belə ki, sağlam insan üçün təbii və texnogen CO₂ arasında praktik fərq yoxdur.
Qeyd edək ki, orqanizm CO₂-ni onsuz da metabolizmin yan məhsulu kimi istehsal edir. Amma, müəyyən risk qrupuna daxil olan şəxslər üçün mümkün təsirlər mövcuddur. Belə ki, mədə problemi (məsələn, qastrit) olan şəxslərdə qazlı su içdikdən sonra şikayətlər yarana bilər. Həmçinin, qazlı suların tez-tez və uzunmüddətli istehlakı diş minasının zəifləməsi, şişkinlik və meteorizm (bağırsaqlarda normadan artıq qaz toplanması) kimi sağlamlıqla bağlı problemlərə zəmin yarada bilər. Lakin, bütün bu təsirlər CO₂-nin mənbəyindən asılı olaraq yaranmır. Yəni, mənbəyindən asılı olmayaraq, tərkibində karbon dioksid olan suların mütəmadi istehlakı yuxarıda qeyd olunan təsirlərin yaranmasına gətirib çıxara bilər.”
Seçilən
55
yenilik.az

1Mənbələr