AZ

Zəfər dövrünün milli kadr idealı: Prezidentin müsahibəsində səslənən meyar və keyfiyyətlər- TƏHLİL

Bakı, 16 yanvar, AZƏRTAC

Zəfər dövrünün yeni reallıqları Azərbaycan dövlətçiliyi qarşısında kadr siyasətinə dair daha yüksək mənəvi, intellektual və peşəkar tələblər irəli sürür. Prezident İlham Əliyevin 2026-cı ilin əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi mesajlar milli idarəetmə sistemində insan amilinin həlledici rolunu bir daha ön plana çıxardı. Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü professor Tahirə Allahyarovanın "Zəfər dövrünün milli kadr idealı: Prezidentin müsahibəsində səslənən meyar və keyfiyyətlər" sərlövhəli məqaləsi məhz bu meyar və keyfiyyətlərin mahiyyətini Zəfər çağının milli kadr idealı kontekstində araşdırır.

AZƏRTAC məqaləni təqdim edir.

Dövlətçiliyə xidmətdə insan amili hər zaman həlledicidir

Yeni qədəm qoyduğumuz 2026-cı ildə Prezident İlham Əliyev ölkənin inkişafının strateji məsələləri ilə bağlı fikirlərini açıqladı. Dövlətimizin başçısının baxışları ölkəyə rəhbərliyi dövrünün əsas prinsipləri ilə varislik təşkil etməklə yanaşı, yaşadığımız Zəfər çağının, qalib ölkənin reallıqlarına, vətəndaşlarımızın gözləntilərinə uyğun olaraq yeni tələb və meyarları müəyyən etdi. Müsahibənin dövlət idarəçiliyi, kadrlarla bağlı siyasət, milli kadr potensialına dair perspektivlər və peşəkar kadr təminatının təhlükəsizliyimizin qarantı kimi vurğulandığı hissəsi bir çox yeni meyar və keyfiyyətləri müəyyən etdi. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindəki çıxışı və səsləndirdiyi mesajlar nəinki milli ictimai rəydə, o cümlədən qlobal miqyasda xəbər başlıqlarına çevrilməklə əks-səda verdi. Azərbaycan liderinin ölkədaxili və xarici siyasət sahəsində rəhbər prinsipləri müəyyən edən fəaliyyət strategiyasının təməllərini təşkil edən müsahibəsi günlərlə xarici ekspertlərin təhlil və şərhlərində yer almaqdadır. Əsrin yeganə qalib ölkəsinin siyasi Liderinin hazırkı dünyada baş verən proseslər fonunda regional və qlobal siyasətin ən mürəkkəb suallarına fövqəladə vacib cavabları dövlətçilik tariximizə həm də yeni proqram sənədi kimi yazıldı.

Ali mənəvi keyfiyyətlərə və intellektə malik kadrlar milli təhlükəsizliyimizin təminatının formuludur

Hər bir ölkənin uğurları ümumilikdə onun kadr siyasətinin ictimai-siyasi və sosial-iqtisadi inkişafındakı mövcud və gələcək problemləri effektiv şəkildə həll edə bilən işçi qüvvəsinin yetişdirilməsi ilə sıx bağlıdır. Hazırda dünyada gedən mürəkkəb siyasi və iqtisadi problemlər fonunda rəqabətədavamlı kadrlar, məmur elitasının, dövlət institutlarının təkmil idarəçilik məsələləri müzakirələrin mərkəzi mövzusuna çevirib. Bütövlükdə isə hər gün yeni münaqişə ocaqlarının ortaya çıxması, beynəlxalq hüquq sisteminin artıq məhv olması və iflic vəziyyəti, texnogen, humanitar və iqlim fəlakətləri, qlobal iqtisadi böhran nəticəsində formalaşan “yaşam standartlarının bahalılığı”( The cost of living standarts), "azad bazarın öz-özünü tənzimləməsinə" dair müddəaların çökməsi, dövlətçilik fenomeninin, dövlət idarəçiliyi institutunun artan rolunu gündəmə gətirib.

Bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar XXI əsrin 3-cü onilliyinin sonlarında yaxın və uzaq ölkələrdə, Azərbaycanın dörd bir tərəfində baş verən geosiyasi toqquşmalar, müxtəlif ölkələrdə yaranan dərin böhran prosesləri fonunda həm də konkret dövlət idarəçiliyi sisteminin, kadr siyasəti modellərinin hazırkı taleyüklü mərhələdə necə sınaqdan çıxmasının, yaxud çıxmamasının ümumi dəyərləndirilməsi kimi də qəbul və təhlil edilə bilər. Məhz bu məqam yeni dünya nizamının formalaşması, qeyri-standart qərarların qəbulu siyasətində, lokal və qlobal reallıqlar, yeni dövlət idarəçiliyi sisteminin yaradılmasına ehtiyac strateji kadr siyasətini prinsipial məsələ kimi önə çıxarır.

Sirr deyil ki, hazırda qlobal “geosiyasi müharibə”nin başlıca hədəfi dövlət idarəçilik korpusu: hakim elitalar, məmur-bürokratiya sinfi və idarəçilk sistemindəki mərkəzi və yerli iqtidarlardır. Bu korpus istənilən cəmiyyətdə həm milli birliyin, həm də dezinteqrasiyanın əsasını təşkil edə bilər. Mövcud dünya düzəninin dağılması və formalaşan xaotik beynəlxalq münasibətlər sistemi, proseslərin ağlagəlməz sürət və qeyri-müəyyənliyi daxili siyasətimiz sahəsində mövcud olan çağırışlara cavab vermək, qərarlar qəbul etmək üçün lazım olan həmişəki vaxtı minimuma endirib. Bu da həmin sahədə çalışanların ilk əvvəl dövlətçiliyə yüksək keyfiyyətlə xidmətin məhvəri olan ali mənəviyyata, strateji düşüncəyə və kreativ qabiliyyətə malik olmalarını tələb edir. Çağırışlar zamana uyğun çevik siyasi fəaliyyət meyarlarının seçilməsini tələb edir. Siyasi-inzibati elitanın dövlətçilik dəyərlərinə bağlılığı burada taleyüklü rol oynayır. Qlobal çağırışlar dövlət idarəçiliyinə görünməmiş dinamizm gətirib, daxili siyasətdə ənənəvi sayılan sosial kommunikasiya, qarşılıqlı ünsiyyət funksiyasını köklü surətdə dəyişib. Əksər hallarda elitalar böhran kommunikasiyası formatında qərarlar qəbul etməli olurlar.

Dövlətçiliyə xidmətdə yüksək mənəvi və intellektual keyfiyyətlərə malik peşəkarlar

Müstəqil dövlətçiliyimizin bütün tarixi mərhələlərdə insan amili-idarəçi və peşəkar kadrlar taleyüklü və həlledici olub. Son onillikdə dövlətimizin başçısının ardıcıl olaraq həyata keçirdiyi islahatlar siyasətində kadr islahatı qırmızı xətt olaraq dəyişməz qalıb. Azərbaycan idarəetmə sisteminin bütün halqalarında, cəmiyyətdə fəaliyyətin bütün sahə, səviyyə və formalarında idarəçiliyin mahiyyət, həm də formaca yenilənməsi davamlı olaraq diqqət mərkəzindədir. Xüsusilə Zəfərimizdən sonra kadr islahatının mahiyyəti cəmiyyətdə dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, sosial ədaləti təmin etmək, büdcə vəsaitlərinin və dövlət əmlakının sui-istifadəsinə və korrupsiyaya qarşı mübarizəni gücləndirmək, dövlət orqanlarında və təşkilatlarda qrup maraqlarının fövqündə durmağa qadir olan kadr siyasətinin həyata keçirilməsinə artan ehtiyac var.

Azad edilmiş ərazilərdə yaradılmış yeni yerli idarəçilik modeli dövlətimizin kadr siyasəti, mənəvi idealları, bilikləri və bacarıqları xarici və daxili təhdidlərin neytrallaşdırılmasına və milli inkişaf məqsədlərinə çatmaq üçün şərait yaratmağa imkan verən kadrlar kopusunun hazırlanmasını, həm mənəvi, həm də intellektual və peşəkar inkişafını təşkil etməyə yönəlib. Bu siyasətin həyata keçirilməsi dövlətin insan potensialının inkişafına, vətəndaşların həyat keyfiyyətinin və rifahının yaxşılaşdırılmasına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, Azərbaycan cəmiyyətinin həmrəyliyinin və birliyinin, mənəviyyat prinsiplərinin maddi amillərdən üstünlüyünün təmin edilməsinə və inkişafına töhfə verməyə xidmət edir.

Prezident İlham Əliyevin daxili siyasət sahəsində çevikliyi və prinsipi informasiya əsrinin sürət və ritminə uyğun olaraq kadr islahatlarında inqilabi hesab edilən addımların başlıca mahiyyəti və meyarı bundan ibarətdir: xalqa xidmət-dövlətçiliyə xidmət deməkdir. Bu məqsədlə yeni nəsil idarəçilərin, yeni məmur tipinin yetişdirilməsi yönündə tarix və dünya təcrübəsində sınaqdan çıxmış cəmiyyətdəki sosial liftlərin hərəkətə gətirilməsi günün tələbidir.

2019-cu ildə köklü islahatlar başladı. Prezidentin bu dövrdəki kadrlarla bağlı cəmiyyətə təqdim etdiyi siyasətində yeni strategiya: sosial, institusional və struktur islahatları həyata keçirildi, bu istiqamətdə çoxsaylı rəsmi qərarlar verildi. Müasir dövlətin idarəçilik strukturlarında elitaların siyasi və intellektual-texnokrat səviyyələri arasında fərqin demək olar ki, aradan götürüldüyü informasiya sivilizasiyasında mövcudluğu şəraitində miqyaslı kadr islahatları önə çıxarıldı. Aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etmək kimi bəyan edildi.

Azərbaycanda “İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi ilə, gənclərin liderlik keyfiyyətlərinin aşkara çıxarılması və yeni nəsil rəhbərlərin formalaşdırılması, onlara özlərini reallaşdırmaq üçün yeni imkanların yaradılması üçün şəxsi və peşəkar inkişafa dəstək vermək məqsədilə ən nüfuzlu platformalardan biri yaradıldı.

Zəfərimizin qazanıldığı 2020-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa bir sıra dəyişikliklər edildi. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi meyarları müəyyənləşdi.

Habelə, ardıcıl olaraq “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması çərçivəsində Azərbaycan gənclərinin 15 ölkənin 85 ali məktəbinə göndərilməsi yönündə fəaliyyət həyata keçirilir.

Dövlətçiliyə xidmətdə Zəfər dövrünün çağırışı

Bu ilin başlanğıcında tarixi əhəmiyyətli hadisəyə çevrilən müsahibədə dövlətimizin başçısı Zəfər dövrünün tələb və ideallarına uyğun olan kadr siyasətinin, hər bir dövlətin fəaliyyətində alternativi olmayan məmur-bürokratiya sisteminin təməl keyfiyyət prinsiplərini müəyyən etdi. Müsahibədə, ilk növbədə, aşkar görünməyən fundamental məqam diqqəti cəlb etdi. Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə həyata keçirilən milli kadr islahatlarının böyük bir mərhələsini təhlil etdi, dəyərləndirdi və qənaətini xalqımızla bölüşdü. Milli kadrlarımız, “xüsusilə vəzifə sahibləri” olan şəxslər yüksək intellektə, peşəkarlığa malik olmaqla yanaşı, ilk növbədə, ali mənəvi keyfiyyətlərə, nümunəvi məmur əxlaqına malik olmalıdır. Əsrimizin yeganə Qalib Liderinin çıxışında “məyusluq” sözü sırf bu məsələlərlə bağlı üç dəfə səsləndi. Son dövrdə dövlət idarəçilik sistemində, məmur bürokratiya təbəqəsi ilə bağlı gündəmdə olan dövlətçiliyə xəyanət, korrupsiya, vətəndaşların qayğılarına biganəlik və s. yöndə atılan addımlar kadrların mənəviyyatına bağlı məsələdir.

Qlobal miqyasda dünya birliyi beynəlxalq hüquq və münasibətlərdə siyasi əxlaqın çökməsinə, təməl prinsip və meyarların sıradan çıxmasına şahidlik edir. Bu mənada Prezidentin müsahibədəki yanaşması ümumilikdə hazırda dərin böhran keçirən qlobal idarəçilik sisteminin də dəyərləndirilməsi kimi anlaşılmalıdır.

Daha bir tarixi əhəmiyyətli məqam Azərbaycan Prezidentinin peşəkar və mənəviyyatlı dövlət qulluqçuluğu sisteminin formalaşdırılmasını bir an belə diqqətsiz qoymaması, bu məsələdə “qəti siyasi iradə ortaya qoyulub” deməsidir. Bu, o deməkdir ki, Zəfər çağında milli idarəçilik sahəsində kadrların yetişdirilməsi və qiymətləndirilməsi sistemində yüksək intellekt, peşəkarlıqla yanaşı, ali mənəvi keyfiyyətlər tələblər sırasında önə keçir. Bu məsələdə ictimai rəyin, nəzarətin xüsusilə böyük təsiri və dəstəyinə ehtiyac var.

Zəfər dövrünün milli kadr siyasətinin yenilənmiş konsepsiyasının hazırlanması

Prezident İlham Əliyevin islahatlarla bağlı cəmiyyətin münasibətini daim diqqət mərkəzində saxlaması, bu istiqamətdə həm tarixi təcrübəsinə, həm də dərin təhlillərə istinad etməsi onu göstərir ki, dövlətimizin başçısı islahatların uğurunda əsas amil kimi, ilk növbədə, idarəetmə halqasında keyfiyyət baxımından yenilənməyə xüsusi önəm verir. İctimai nəzarət mexanizmləri, vətəndaşların proseslərə münasibəti, hansı sahələrdə razılıq və ya narazılığın mövcud olması Prezidentin siyasətində prioritet istiqamətlərdəndir. Bu yanaşma dövlət siyasətinin təsadüfi deyil, dünya elminə söykənən, yüksək analitik və intellektual əsaslar üzərində formalaşdırıldığını təsdiqləyir.

Müstəqil dövlətçiliyin möhkəmlənməsi prosesində süni intellekt əsrinin və postneft dövrünün əsas strateji resursunun məhz insan amili olduğu bir daha aydın görünür. Fəal, yaradıcı, məsuliyyətli Azərbaycan vətəndaşı və milli kadr potensialı dövlətin gələcək inkişafının təməl sütunudur. İdarəetmədə qərar qəbul edən kadrlar yalnız peşəkarlıqla deyil, eyni zamanda, yüksək əxlaqi və mənəvi keyfiyyətlərlə seçilməlidirlər. Yalnız bu halda Prezident İlham Əliyevin ölkəmizin gələcəyi ilə bağlı qarşıya qoyduğu iddialı vəzifələrin tam şəkildə reallaşdırılması mümkün ola bilər.

Dövlətimizin başçısının Zəfər dövrünün milli kadrlar sistemi ilə bağlı müsahibədə səsləndirdiyi fikirlərin proqram sənədi kimi təhlili və sistemli şəkildə öyrənilməsi hazırkı mərhələdə əsas gündəm məsələlərindəndir.

Prezidentin bu nitqi təkcə Azərbaycanın milli inkişaf modelinin təkmilləşdirilməsi baxımından deyil, eyni zamanda, hazırda qlobal miqyasda yaşanan dövlət idarəçiliyi böhranı və ondan çıxış yolları axtaran ölkələr üçün də mühüm töhfə kimi qiymətləndirilə bilər. Bu baxımdan qabaqcıl ölkələrin dövlət qulluğu və kadr siyasəti sahəsində tətbiq etdikləri müasir təcrübəyə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən “Zəfər dövrünün milli kadr siyasətinin yenilənmiş konsepsiyası”nın hazırlanması zəruri və gözləntilərə cavab verən bir addım kimi gündəmdə dayanır.

Yeni konsepsiya milli kadrlar və insan resursları siyasətinin hazırlanması və icrasında Prezidentin tələbləri əsasında vahid meyar və yanaşmaların müəyyənləşdirilməsinə xidmət etməklə, həm bu siyasətin effektiv həyata keçirilməsinə dəstək verə, həm də dövrün çağırışlarına adekvat cavab ola bilər.

XXI əsrin yeganə qalib ölkəsinin Qalib Liderinin milli kadrlarla bağlı illərə söykənən, tarixi əhəmiyyət daşıyan şəxsi təcrübəsini əks etdirən postulatlar yeni mərhələdə həm konseptual sənədlərdə, həm də çoxşaxəli elmi-analitik araşdırmalarda geniş müzakirə olunmalıdır.

Seçilən
182
azertag.az

1Mənbələr