AZ

“Azərtütün” bu il şimal-qərb rayonlarında 750 hektar sahədə tütün əkəcək

Zaqatala, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) respublikanın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işlərinə başlayıb. Hazırda tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən fermerlərlə müqavilələrin bağlanılması prosesi yerinə yetirilir.

Səhmdar cəmiyyətdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Azərtütün” bu il şimal-qərb rayonlarında 750 hektar sahədə tütün əkməyi planlaşdırır. Martın əvvəllərində istixanalarda tütün şitillərinin yetişdirilməsinə başlanılacaq. Tütün əkini üçün indiyədək 440 hektar sahədə don şumu aparılıb və hazırda bu iş davam etdirilir.

Xatırladaq ki, “Azərtütün” ASC ötənilki mövsümdə şimal-qərb bölgəsi rayonlarında 868,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib. Bunun 446 hektarı şirkətə, 422,7 hektarı isə fermerlərə məxsus sahələr olub. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanıb. Mövsüm ərzində ASC-nin bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 365,6 ton yaş tütün daxil olub. Emal məntəqələrində yaş tütündən 2215 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 985 ton artıb.

Seçilən
215
azertag.az

1Mənbələr