AZ

Bu savaş NATO-nu çökdürə bilər: ABŞ alyansı uçuruma aparır

Son dövrlər beynəlxalq münasibətlər sistemində güc faktorunun hüquq və razılaşmaları üstələməsi qlobal etimad mühitini ciddi şəkildə sarsıdır. Xüsusilə böyük dövlətlərin kiçik və strateji ərazilərə yanaşmasında ikili standartların artması NATO kimi alyansların gələcəyi ilə bağlı sualları aktuallaşdırır. ABŞ-ın Qrenlandiya ilə bağlı sərt ritorikası da məhz bu kontekstdə ciddi müzakirələrə səbəb olub.

Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, son illərdə ABŞ-ın davranışları beynəlxalq hüququn əsas prinsipləri ilə ciddi ziddiyyət təşkil edir:

“ABŞ artıq beynəlxalq hüquqa selektiv yanaşma nümayiş etdirir. Müxtəlif regionlarda suveren dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri bunu açıq şəkildə göstərir. Son açıqlamalar da təsdiqləyir ki, Vaşinqton öz maraqlarını beynəlxalq hüquqdan və mövcud alyans mexanizmlərindən üstün tutur. NATO da getdikcə ABŞ üçün yalnız alət funksiyası daşıyan struktura çevrilir.

Birləşmiş Ştatlar özünü dünyanın ən böyük hərbi-siyasi alyansından yuxarıda görür. ABŞ-ın alyansdan uzaqlaşmasının NATO-nu zəiflədəcəyini həm Vaşinqton, həm də Avropa paytaxtları yaxşı anlayır. Bu səbəbdən Danimarkanın Qrenlandiya məsələsində uzunmüddətli və sərt müqavimət göstərə bilməyəcəyi ehtimalı yüksəkdir”.

Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ var və dövlətlərin ərazi bütövlüyü toxunulmazdır:

“Lakin Qrenlandiya məsələsində ABŞ administrasiyasının yanaşması bu fundamental prinsiplərlə uzlaşmır. Bu isə beynəlxalq münasibətlərdə ikili standartların dərinləşdiyini göstərir.

Belə addımlar ABŞ-ın qlobal nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, NATO-nun legitimliyini və daxili birliyini də zəiflədir. Ukrayna müharibəsindən sonra alyansın nüfuzu artıq xeyli sarsılıb. Əgər beynəlxalq hüquq açıq şəkildə pozularaq Qrenlandiya üzərində hərbi təzyiq göstərilərsə, bu NATO üçün növbəti ağır imtahan olacaq.

Bununla belə, hesab etmirəm ki, ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi NATO-nun tam süqutuna gətirib çıxarsın. Aparıcı Avropa dövlətləri belə bir ssenarinin reallaşmasına imkan verməzlər. Amma Danimarka xarici işlər nazirinin açıqlamasında Rusiya və Çin faktoruna istinad etməsi onu göstərir ki, təhlükəsizlik bəhanəsi ilə atılacaq addımlar gələcəkdə bəzi Qərb ölkələri tərəfindən anlayışla qarşılanmağa cəhd edilə bilər.

Nəticə etibarilə demək olar ki, dünyada etimad mühiti artıq uzun müddətdir deqradasiyaya uğrayıb. Beynəlxalq hüququn selektiv tətbiqi isə bu prosesi daha da sürətləndirir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
66
editor.az

1Mənbələr