AZ

Sərhədlərin açılması ilə bağlı YENİ XƏBƏR – Kremldən SENSASİON REAKSİYA

Türkiyə ilə Ermənistan arasında sərhədin açılması mövzusu Rusiyaya yaxın media və ekspert çevrələrində açıq narahatlıqla qarşılanıb.

Kremlə bağlı şəbəkənin əsas ruporları bu prosesin “tezliklə mümkün olmadığını” ön plana çıxararaq, sərhədin açılmasının illər çəkə biləcəyini israrla vurğulayırlar.

Rusiya sərhəd xidmətinin veteranı və təhlükəsizlik üzrə ekspert Levon Azatxanyan Ermənistan mediasına açıqlamasında Türkiyə–Ermənistan sərhədində yerləşən “Axurik” keçid məntəqəsinin dərhal açılmasının real olmadığını bildirib. Onun sözlərinə görə, məntəqə 1993-cü ildən fəaliyyət göstərmir və bu müddət ərzində infrastruktur tamamilə sıradan çıxıb.

Ekspert iddia edib ki, binaların əsaslı təmiri, texniki təminatın yenilənməsi və yeni kadrların hazırlanması uzunmüddətli prosesdir və bu işlərdə bir neçə nazirlik və qurum iştirak etməlidir. Kremlə yaxın çevrələr bu arqumentləri önə çəkərək, Türkiyə–Ermənistan yaxınlaşmasının qarşısını almağa yönəlmiş skeptik və çəkindirici mövqe nümayiş etdirirlər.

Afsəddin Nəbiyev

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan AMİP sədrinin müavini, politoloq Afsəddin Nəbiyev qeyd edib ki, Moskva orbitli media və ekspertlərin bu prosesi “texniki və uzunmüddətli” kimi xarakterizə etməsi əslində geosiyasi bir ləngitmə taktikası kimi görünür:

“Əlbəttə, infrastrukturun bərpası vaxt tələb edir, lakin müasir dünyada siyasi iradə olduğu təqdirdə bu maneələr qısa müddətdə aradan qaldırıla bilir. Burada əsas faktor Rusiyanın regiondakı strateji maraqlarıdır. Ermənistanın Türkiyə vasitəsilə dünyaya açılması İrəvanın Moskvadan olan iqtisadi və təhlükəsizlik asılılığının azalması deməkdir. Hal-hazırda Ermənistan–Türkiyə sərhədini Rusiyanın FTX (FSB) sərhəd qoşunları qoruyur. Sərhədlərin açılması bu qüvvələrin orada qalma legitimliyini sual altına qoya bilər”.

Politoloqun sözlərinə görə, Azərbaycanın bu məsələdə mövqeyi hər zaman birmənalı olub:

“Türkiyə–Ermənistan münasibətləri Azərbaycan–Ermənistan sülh prosesi ilə paralel getməlidir.

Türkiyə və Azərbaycan üçün sərhədlərin açılması yalnız Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi (Zəngəzur dəhlizinin açılması) və ərazi iddialarından tamamilə əl çəkməsi fonunda faydalıdır.Əgər sərhədlər Ermənistanın Azərbaycana qarşı destruktiv siyasəti davam etdiyi halda açılarsa, bu, İrəvanın iqtisadi nəfəsliyini genişləndirərək onu sülh sazişindən yayındıra bilər. Lakin koordinasiyalı açılış regionda Ermənistanın “blokada” bəhanəsini əlindən alır. Cənubi Qafqaz “Şərq-Qərb” dəhlizinin ən mühüm halqasına çevrilə bilər. Bu, həm Azərbaycan, həm də Türkiyə üçün tranzit gəlirlərinin artması deməkdir. Ermənistan iqtisadiyyatının Türkiyə və Azərbaycan bazarlarına inteqrasiyası bu ölkəni revanşist ideyalardan uzaqlaşdıran bir “təhlükəsizlik yastığı” rolunu oynaya bilər. Çünki iqtisadi asılılıq müharibə riskini minimuma endirir. Sərhədin açılmasının gecikdirilməsi yalnız texniki səbəblərlə bağlı deyil.

Azərbaycan üçün əsas məqam bu prosesin Bakı ilə İrəvan arasındakı yekun sülh müqaviləsindən qabağa keçməməsini təmin etməkdir. Türkiyənin bu məsələdə Bakı ilə tam koordinasiyalı hərəkət etməsi regionda kənar güclərin Rusiyanın və ya Fransanın manipulyasiya imkanlarını daraldır.Bu baxımdan Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının müəllifi Azərbaycan olduğu üçün bu prosesin uğurla nəticələnəcəyi heç kəsdə şübhə doğurmur”.

Seçilən
83
nocomment.az

1Mənbələr