AZ

"Qaçan" depozitlər, azalan mənfəət: “Yapı Kredi Bankda" nə baş verir?

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin 2025-ci il üzrə maliyyə hesabatı bankın gəlirlilik baxımından ciddi təzyiq altında olduğunu açıq şəkildə ortaya qoyur. Rəsmi rəqəmlərə əsasən, bankın xalis mənfəəti 9 milyon 974,57 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,39% azalma deməkdir. Bir il əvvəl bank 12 milyon 375,08 min manat mənfəət açıqlamışdı.

 

Mənfəətin bu qədər kəskin azalması təkcə bazar şərtləri ilə izah oluna bilərmi, yoxsa bankın maliyyə idarəetməsində və strategiyasında ciddi problemlər var?

 

Diqqətçəkən məqam ondan ibarətdir ki, azalma yalnız xalis mənfəətdə deyil, mənfəət vergisindən əvvəlki gəlirlərdə də müşahidə olunur.

 

Sfera.az bildirir ki, 2025-ci ildə bankın vergiöncəsi mənfəəti 11 milyon 737,04 min manat olub. Halbuki 2024-cü ildə bu göstərici 16 milyon 261,10 min manat idi.

 

Bu fakt bankın əsas əməliyyat fəaliyyətindən əldə etdiyi gəlirlərin zəiflədiyini, xərclərin isə effektiv şəkildə idarə olunmadığını göstərir. Başqa sözlə, bank qazandığından daha sürətlə xərcləyir.

 

Hesabat dövründə bankın ümumi öhdəlikləri 7,85% artaraq 669 milyon 154,60 min manata yüksəlib. İlk baxışda bu artım bankın fəaliyyət miqyasının genişlənməsi kimi təqdim oluna bilər. Lakin detallara baxdıqda, mənzərə tamamilə fərqli görünür.

 

Belə ki, bankın depozit portfeli 1,33% azalaraq 527 milyon 743,32 min manata düşüb. Halbuki depozitlər kommersiya bankları üçün ən stabil, ən ucuz və ən etibarlı maliyyə mənbəyi hesab olunur. Bu mənbənin azalması bankın müştəri etimadını itirdiyini və maliyyələşməni daha riskli yollarla təmin etməyə məcbur qaldığını göstərir.

 

Bu vəziyyət haqlı sual yaradır: depozitçilər niyə “Yapı Kredi Bank Azərbaycan”dan uzaqlaşır?

 

 

Maliyyə hesabatında ən narahatedici məqamlardan biri bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin 2,5 dəfə artmasıdır. 2025-ci ilin sonuna bu göstərici 122 milyon 477,88 min manat olub. 2024-cü ildə isə cəmi 48 milyon 182,25 min manat idi.

 

Bu dinamika onu göstərir ki, “Yapı Kredi Bank Azərbaycan” depozit bazasında yaranan boşluğu digər banklardan cəlb edilən borclar hesabına doldurmağa çalışıb. Lakin bu maliyyə resursları adətən yüksək faizlərlə təqdim olunur və bank üçün ciddi maliyyə yükü yaradır. Bu isə risklərin şüurlu şəkildə artırılması deməkdir.

 

Bankın mənfəətini faktiki olaraq “əridən” əsas amillərdən biri faiz xərclərinin iki dəfədən çox artmasıdır. 2025-ci ildə bu xərclər 13 milyon 461,58 min manata çatıb. 2024-cü ildə isə cəmi 6 milyon 608,86 min manat idi.

 

Faiz xərclərinin bu qədər sürətlə artması bir sıra ciddi riskləri gündəmə gətirir. Bunlara bahalı borclanma strategiyası, faiz gəlirləri ilə faiz xərcləri arasında tarazlığın pozulması, rentabelliyin azalması və bankın uzunmüddətli maliyyə dayanıqlığına real təhdidlər daxildir.

 

Əgər bank cəlb etdiyi vəsaitləri eyni sürətlə və daha yüksək gəlirlə kreditləşdirə bilmirsə, bu, qaçılmaz olaraq mənfəətin azalması ilə nəticələnir və mövcud vəziyyət məhz bunu təsdiqləyir.

 

Təhlil göstərir ki, “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəətinin azalmasının bir neçə əsas səbəbi var. Bunlara depozit bazasının zəifləməsi, digər banklardan borclanmanın kəskin artması, faiz xərclərinin nəzarətdən çıxması, vergiöncəsi mənfəətin ciddi azalması, eləcə də xərclər və risklər arasında balansın pozulması daxildir.

 

Mövcud göstəricilər göstərir ki, bank qısamüddətli likvidliyi qorumaq naminə uzunmüddətli mənfəətliliyi və maliyyə sabitliyini risk altına atıb. Depozitlərin azalması fonunda bahalı borclanmaya üstünlük verilməsi bankın maliyyə dayanıqlığı ilə bağlı ciddi suallar doğurur.

 

Əgər bu tendensiya davam edərsə, “Yapı Kredi Bank Azərbaycan” üçün əsas çağırış depozitçilərin etimadını bərpa etmək, faiz xərclərini sərt nəzarətə almaq və daha düşünülmüş, balanslı maliyyə strategiyası formalaşdırmaq olacaq. Əks halda, mənfəətin azalması növbəti illərdə də davam edə və bank üçün daha ciddi problemlər yarada bilər.

Tarix: 16 Yanvar 2026, 17:49   
Seçilən
108
pravda.az

1Mənbələr