AZ

Arda Gülər etirazları susdurdu, matçın ən yaxşı oyunçusu seçildi!

La Liqanın 20-ci turunda ''Real'' doğma ''Bernabeu''da ''Levante''ni qəbul etdi. Məlum olduğu kimi kimi son bir həftə Madrid nəhəngi üçün çox çətin keçmişdi. Superkubokda ''Barselona''ya məğlubiyyətdən sonra Xabi Alonso ilə yollar ayrılmış, müvəqqəti məşqçi Alvaro Arbeloanın debüt oyununda komanda daha bir şok yaşayaraq ölkə kubokunda ''Albasete''yə uduzmuşdu.

Bu üzdən bu dəfəki qarşılaşma demək olar, əvvəldən sona qədər yerli fanatların fit səsləri və etirazları fonunda keçdi. Vinisius başda olmaqla bir çox futbolçu fitə basıldı. Başqan Florentino Peres isə istefaya dəvət olundu. İlk yarısı qolsuz bitən matçın fasiləsində alqış sədaları altında Arda Gülər oyuna daxil oldu. Türkiyəli ulduz ''blankos''un hücumuna hərəkətlilik gətirməyi bacardı. 57-ci dəqiqədə məhz onun ötürməsindən sonra hərəkətlənən Mbappe kobudluğa məruz qalaraq komandası üçün penalti qazandı. Fransalı ulduz fürsəti boşa vermədi. 65-ci dəqiqədə isə Arda Gülərin künc zərbəsindən asmasını Raul Asensio gözəl baş zərbəsi ilə tamamlayaraq yekun nəticəni müəyyənləşdirdi.

Arda bu mövsüm 29-cu rəsmi oyunda aktivinə 9-cu məhsuldar ötürməni yazdı. Onun həm də 3 qolu var. Ən əsası 20 yaşlı futbolçu matçın ən yaxşı oyunçusu seçildi! Beləliklə, ''Real'' Arda Gülərin ulduzunun parladığı matçda Arbeloanın başçılığı altında ilk qələbəsini qazandı və dərin bir nəfəs aldı.

Seçilən
142
football-plus.az

1Mənbələr