AZ

Artan qiymətlər, azalan keyfiyyət - Restoran sektorunda nə baş verir? - Ekspert rəyi

Son illərdə restoran biznesində maraqlı bir paradoks müşahidə olunur: menyu qiymətləri davamlı olaraq artır, lakin təqdim olunan yeməklərin keyfiyyəti azalır. Bu vəziyyət müştərilər arasında narazılıq yaradır və restoranlara olan etibarı zəiflədir. Qiymət artımı adətən xərclərin artması ilə izah olunsa da, keyfiyyətin düşməsi sektorda ciddi problemlərin olduğuna işarədir. Beləliklə, bu mövzu həm iqtisadi, həm də xidmət sahəsindəki çatışmazlıqları göstərir və ətraflı təhlil tələb edir.

Mövzu ilə bağlı Missiya.Az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ölkədə yeni trendlər yaranır:

"Bəzi insanlar səhər və axşam yeməklərini restoranda yeməyi üstün tuturlar. Bu tendensiya getdikcə genişlənir və nəticədə restoranlara tələbat artır. Tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb olur. Əlbəttə, digər amillər də var: məhsulların qiymətinin qalxması və işçi personalının daha yüksək maaşla təmin olunması. Bunlar hamısı qiymətə təsir edir".

Eyyub Hüseynovun sözlərinə görə, bəzi biznes qurumları şüurlu şəkildə qiymətləri artırırlar:

"Süni qiymət artımı yalnız müəyyən həddin üzərinə çıxıldıqda qəbul edilə bilər. Bu baxımdan bəzi restoran sahibləri hökumətin onlara təmin etdiyi rahat şəraitdən maksimum istifadə edərək qiymətləri yüksəldirlər. Hətta oruc vaxtı iftar yeməkləri bir nəfər üçün 200 manata təqdim olunur. Restoranlarda qiymət artımı xüsusilə açıq görünür. Sahiblər zallara video qurğuları, televizorlar və müğənnilər gətirir, bunların hamısı istehlakçının ödədiyi yemək qiymətinə əlavə olunur. Sosial şəbəkələrdə və bizə göndərilən müraciətlərdə isə müşahidə olunub ki, yemək yeyən istehlakçı ilə ofisiant arasında mübahisə baş verdikdə, istehlakçıya əlavə cərimə tətbiq olunur, hətta söyüşə görə də pul tutulur. Belə vəziyyətlərdə istehlakçı hüquqları arxa planda qalır",- deyə Azad İstehlakçılar Birliyinin sədri əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
51
missiya.az

1Mənbələr