Özbəkistanda məhkumların cəza müddətləri oxuduqları hər kitab üçün üç gün qısaldılacaq.
"Cebheinfo.az" xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Cəza Məcəlləsində bəzi dəyişikliklərin edilməsi barədə fərman imzalanıb.
Fərmana əsasən, həbsxanadakı məhkumların oxuduqları hər kitab üçün cəza müddətləri üç gün azaldılacaq.
Bu tənzimləmənin həbsxanalardakı məhkumları mütaliəyə təşviq etmək məqsədilə həyata keçirildiyi bildirilir.
Ömürlük həbs cəzası alan şəxslər bu qaydadan istisna təşkil edəcəklər. Qaydaya əsasən, məhkumlar kitabları oxumalı və ildə iki dəfə həmin kitablar üzrə imtahan verməlidirlər.
Yaradılmış xüsusi komissiya tərəfindən kitabın oxunması faktı təsdiqləndikdə, məhkumun cəza müddətinin azaldılması üçün həbsxana rəhbərliyi tərəfindən məhkəməyə təklif göndəriləcək. Məhkəmə bu təklifi əsas götürərək cəza müddətinin qısaldılması barədə qərar qəbul edəcək.
Kitab oxuyan məhkumların cəza müddətləri bu üsulla bir ildə ən çox 30 gün qısaldıla bilər.