AZ

Yeganə Qəhrəmanova: Dil xalqın tarixini yaşadan ən güclü milli-mənəvi dəyərdir

Bakı, 19 yanvar, Günel Alıyeva, AZƏRTAC

Ana dilinin qorunması milli kimliyin formalaşmasına birbaşa təsir göstərən əsas amillərdəndir. Çünki dil hər bir xalqın milli kimliyini xarakterizə edən, onu var edən, millət səviyyəsinə yüksəldən başlıca sütunlardan biridir. Xalqın ruhu, dünyagörüşü, düşüncə tərzi, milli-mənəvi dəyərləri məhz ana dili vasitəsilə ifadə olunur, qorunur və nəsildən-nəslə ötürülür. Bu mənada dil milli kimliyin, milli yaddaşın və dövlətçiliyin qoruyucusudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Qəhrəmanova söyləyib.

Dosent qeyd edib ki, dil xalqın tarixini özündə yaşadan, eyni milli kimlik daşıyıcılarını birləşdirən ən güclü milli-mənəvi dəyərlərdəndir.

Qloballaşma dövründə dilimizin saflığının hansı təhlükələrlə üz-üzə qalmasına toxunan Yeganə Qəhrəmanova bildirib ki, qloballaşma bir tərəfdən yeni imkanlar və nailiyyətlər yaratsa da, digər tərəfdən mədəniyyətlərin qarışması, milli dəyərlərin aşınması kimi riskləri artırır. Onun sözlərinə görə, internet şəbəkəsinin genişləndiyi, rəqəmsal vasitələrin sürətlə inkişaf etdiyi şəraitdə təsirə məruz qalan ilk sahələrdən biri milli-mənəvi dəyərlərdir və bu dəyərlərin başında dil dayanır.

“Yad dillərin və mədəniyyətlərin təsiri milli yaddaşdan uzaqlaşma riskini gücləndirir və bu, təkcə dilin deyil, dilin təmsil etdiyi millətin və dövlətçiliyin də təhlükə altına düşməsi deməkdir. Buna görə də qloballaşma şəraitində ana dilinin qorunması üçün məqsədyönlü və strateji dövlət proqramlarının olması zəruridir”, - deyə o əlavə edib.

O vurğulayıb ki, dili korlayan əsas ünsürlərdən biri dildə yad sözlərin lüzumsuz şəkildə işlədilməsidir. Tarixən dillər arasında qarşılıqlı söz alış-verişi mövcud olub və bu proses təbii mühitdə baş verdikdə, adətən, dilin zənginləşməsinə xidmət edib.

Dilin inkişafı ilə onun saflığı arasında tarazlığın necə qorunmasına dair suala cavab verən Yeganə Qəhrəmanova əlavə edib ki, bu tarazlığı saxlamaq üçün dilə yönələn yad təsirlərin zərərsizləşdirilməsi vacibdir: “Bunun üçün həm ciddi dövlət proqramı, həm də həmin proqramın reallaşdırılması üçün institusional şərait əsas şərtdir. Dilin inkişafı paralel şəkildə dövlət və xalq tərəfindən qorunması ilə sıx bağlıdır və bu prosesdə hər bir vətəndaşın məsuliyyəti xüsusi önəm daşıyır. Uşaq yeniyetmə və gənclərin nitqinə ailədə, məktəbdə və ali təhsil müəssisələrində sistemli nəzarət olmalı, kütləvi informasiya vasitələrində və internet şəbəkələrində milli dilə və milli kimliyə sevgi aşılayan çıxış və tədbirlər intensivləşdirilməli, təbliğatı işlər gücləndirilməlidir”.

Dosent bildirib ki, uşaqların milli-mənəvi dəyərlərə, milli kimliyinə, dilinə və dövlətinə bağlı şəxsiyyət kimi yetişdirilməsi baxımından ibtidai və orta təhsilin doğma dildə alınması xüsusi əhəmiyyət kəsb edir.

“Gənclərin xarici dilləri bilməsi gələcək inkişaf baxımından strateji əhəmiyyət daşıyır, lakin bu, orta təhsilin yad dildə alınması hesabına baş verməməlidir. Hər bir şəxs əvvəlcə ana dilini mükəmməl mənimsəməli, daha sonra xarici dilləri öyrənməyə səy göstərməlidir. Ana dilinə laqeyd münasibətin qarşısını almaq üçün dövlət qulluğuna və digər müəssisələrə işə qəbul zamanı ana dilini mükəmməl bilmək tələbləri daha da sərtləşdirilməli, bu məsələ prioritet hesab edilməlidir. Bu yanaşma dövlətçiliyimizin əsasını təşkil edən “Güclü dövlət – milli ruh” ideologiyasının daha dolğun şəkildə reallaşmasına xidmət edəcək”, - deyə o sözlərinə yekun vurub.

Seçilən
45
azertag.az

1Mənbələr