Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən, o cümlədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı faciə zamanı həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sovet ordusunun Bakıda törətdiyi qəddarlıq və görünməmiş vəhşiliklərdən danışılıb. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib. Bildirilib ki, 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. Ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda həlak olan oğul və qızlarımızın şücaəti daim yüksək qiymətləndirilir, xatirəsi hər zaman uca tutulur.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.


